FREYD VƏ KOKAİN

Psixoanaliz elminin banisi avstriyalı nevroloq Ziqmund Freyd (Sigmund Freud) insanın kaninatın mərkəzində xüsusi imtiyazlı mövqeyi olduğu düşüncəsini dağıdan üç böyük elmi inqilab olduğunu iddia edirdi. İlk sırada, Yer kürəsinin ağlasığmaz genişliyin ortasında, Günəş ətrafında fırlanan kiçik, dairəvi “ləkə” olduğunu müəyyənləşdirən Kopernikin (Nicolaus Copernicus) nəzəriyyəsinin gəldiyini söyləyirdi. Digəri, insanın Tanrının xüsusi yaratdığı varlıqlar olmadığını, meymunlarla eyni əcdaddan törədiyini göstərən Darvinin (Charles Darwin) nəzəriyyəsi idi. Üçüncü  elmi inqilabı isə öz nəzəriyyəsi ilə əlaqələndirirdi. Freydə görə, insanın əzəmət arzusu bu gün eqomuza (öz mənlik) öz evimizin belə “ağası” olmadığını göstərən, ancaq şüursuz olaraq öz ağlımızda baş verənlərlə bağlı məlumat qırıntıları ilə kifayətlənməli olduğumuzu sübut etməyə çalışan psixoloji tədqiqatlardan üçüncü və ən ağrılı zərbəsini alır.

Elmin eqolarımıza vurduğu bütün zərbələrə baxmayaraq – Yer kürəsinin deyil, Günəşin Günəş sisteminin (Solar system) mərkəzi olduğunu fikrinin meydana çıxmasından başlayaraq – çoxumuz bu kainatın bizim üçün yaradıldığını və taleyimizin əvvəlcədən təyin olunmuş ilahi bir plana uyğun olduğunu düşünürük.” Heliosentrizmin insanlığın narsisizminə bir zərbə olduğu fikri çox vaxt Freydə aid edilir. Bir çoxları bu fikirləri ütopik hesab edirdi və bunu Freydin tədqiqatlarında o zaman reseptsiz buraxılan, ancaq çox güclü təsirə malik maddələrin (kokain, morfin və s.) istifadəsi ilə əlaqələndirirdi. Hal-hazırda belə bəzi yazar və tədqiqatçılar Freydi kokainin əyləncə məqsədilə istifadəsinin populyarlaşmasından məsul tutur. Bəs həqiqətənmi onun kokainlə münasibəti yalnız bu çərçivə daxilindədir? Bu yazımızda, günümüzdə tibbi məqsədlər üçün nadir hallarda istifadə olunan kokainin, Ziqmund Freyd başda olmaqla, bir neçə alimin həyatına təsiri haqında məlumatları toplamağa çalışacağıq.

Ziqmund Freyd1

Kokain (Cocaine) Koka – Erythroxylom coca bitkisindən əldə olunan alkaloid təbiətli təbii mənşəli birləşmədir. Koka təbii mənşəli ən qədim, ən güclü və ən təhlükəli stimulyatorlardan biridir. Xoşbəxtlik, reallıqdan ayrılma və eyforiya kimi psixomotor dəyişikliklər üçün istifadə edilən kokaininin qəbulundan bir neçə dəqiqə sonra ürək döyüntüsünün artması, tərləmə və göz bəbəklərinin genişlənməsi müşahidə olunur. 

Koka Cənubi Amerikanın şimal-qərbində yetişən Erythroxylum cinsinə aid bir bitkidir. Cənubi Amerikada uzun müddətli koka istifadə ənənəsi vardır. Avropanın bu bitki ilə ilk tanışlığı 1499-cu ilə təsadüf edir. Bu Ameriqo Vespuççinin (Amerigo Vespucci) adı ilə bağlıdır. O, Cənubi Amerika hindularının yorğunluğu və aclığı aradan qaldırmaq üçün bu bitkinin yarpaqlarını çeynədikləri haqqında məlumat vermişdir. Yerli perulular koka yarpaqlarını yalnız dini mərasimlər zamanı istifadə edirdilər. Bu ənənə 1532-ci ildə ispan əsgərlərinin Perunu işğal etməsi ilə dəyişdi. İspan gümüş mədənlərinin işçiləri onlara nəzarəti artırmaq və asanlaşdırmaq üçün koka yarpaqları ilə təmin edilirdilər.

Erythroxylom coca2

1859-cu ildə alman kimyaçısı Albert Niiman (Albert Niemann) ilk dəfə saf halda kokaini izolə etdi. Koka bitkisi qurudulmuş yarpaqlarında 2%-ə qədər kokain saxlayır. Erythroxylum cinsinə 100-dən artıq növ daxil olmasına baxmayaraq, yalnız Erythroxylum coca Erythroxylum novogratense bitkilərinin tərkibində əhəmiyyətli miqdarda kokain vardır.

Kokainin kimyəvi quruluşu3

1863-cü ildə İtalyan kimyaçı Angelo Mariani (Angelo Mariani) tonizəedici xüsusiyyətə malik, tərkibində Bordo şərabı və kokain olan “Vin Mariani” adlı içkini təqdim etdi. Mariani bu səbəbdən Papa XIII Leo tərəfindən təşəkkür medalı ilə təltif edildi.

Vin Mariani4

1886-cı ildə, ABŞ-da Con Pemberton (John Pemberton) yeni spirtli içki Coca-Cola-nın tərkib hissəsi kimi koka yarpaqlarını daxil etdikdə molekulun populyarlığı daha da artdı. Bir il sonra Pemberton Amerika Qanunvericiliyənə cavab olaraq, tərkibində təxminən 9 mq kokain saxlayan və 1903-cü ilə qədər ticari olaraq mövcud olan spirtsiz, qazlı koka ekstraktını inkişaf etdirdi. zərində eyforik və enerjili təsirlər yazısı əsrin əvvəllərinə qədər içkinin populyarlığını artırmağa kömək etdi. 

Kokain tərkibli içkilərin “ecazkar” təsirlərini təbliğ edən görkəmli şəxsiyyətlər arasında ixtiraçı Tomas Edison (Thomas Edison) və aktrisa Sara Bernard (Sarah Bernhardt) da var idi. Dərman səssiz film sənayesində də populyarlaşdı və o dövrdə Hollivuddan çıxan kokain leyhinə mesajlar milyonlarla insana təsir etdi. Cəmiyyətdə kokain istifadəsi artdı və dərmanın zərərləri tədricən daha aydın oldu. Xalqın təzyiqi Coca-Cola şirkətini 1903-cü ildə alkoqolsuz içkidən kokaini çıxarmağa məcbur etdi.

Tonizəedici və stimullaşdırıcı təsir səhiyyə sahəsində də bu molekula olan marağı artırdı. Ziqmund Freyd də, bir çox alim kimi, bu maddə üzərində araşdırmalar aparmağa başladı. 1884-cü ildə, ilk kokain istehlakından yalnız bir neçə ay sonra Freyd dərmanla bağlı ilk tədqiqat məqaləsini nəşr etdirdi. O, dərman nəhəngi Merckin istehsal etdiyi kokaini praktikasına rahatlıqla əlavə etdi və təcrübələr aparmağa başladı.  Freyd morfin alüdəçisi xəstələrini bu asılılıqdan xilas etmək üçün kokain təyin etməyə başlamışdı. Ancaq qısa müddət sonra bunun yalnış bir düşüncə olduğu müəyyənləşmişdir. “Über Coca” (Kok haqqında) məqaləsində sehrli maddə adlandırdığı kokainin “faydalarını” təbliğ etməyə başladı.

“Über Coca”5

Kokainin tükənmiş bədəninin fiziki vəziyyətini yaxşılaşdırma qabiliyyətini (bədəni fiziki imkanlarından kənara çıxara bilməsi) təcrübə etməklə özünə Darvinin üzvi həyatın maddi imkanlarından kənarda yaşamağa meyilli olduğu nəzəriyyəsini sübut etdi. Amerika yerliləri üçün koka ilahi bir hədiyyə idi; Freyd üçün kokain müasir əczaçılığın hədiyyəsi idi.

Dərmanı xəstələrlə bərabər özü də istifadə edən avstriyalı psixoanalitik depressiya və impotensiyanı (cinsi iktidarsızlıq) müalicə etmək üçün kokaini tonizəedici vasitə olaraq geniş yayan ilk şəxs idi. Bununla birlikdə, Freyd obyektiv bir müşahidəçi deyildi. Mütəmadi olaraq kokain qəbul edirdi və ümumi istifadəyə tövsiyə edirdi. O, insanlar üçün zəhərli dozanın çox yüksək olduğuna və ölümcül dozanın isə olmadığına inanırdı. Bu inancın əksinə olaraq, Freydin xəstələrindən biri təyin etdiyi yüksək dozadan öldü. Xəstəsinin faciəli ölümündən sonra, tezliklə Freydin kokain asılılığı “kokain böhranı”-na və özünə qarşı dərin şübhələrə səbəb oldu. Bununla birlikdə, 1890-cı illər ərzində kokainin öz üzərindəki istifadəsini dayandırmadı və bu, təcrübəsinin mərkəzini fiziologiyadan psixologiyaya çevirərək böhrandan çıxmasına köməkçi oldu. Berlindən olan otorinolaringoloq dostu Vilhem Flissə (Wilhelm Fliess) yazdığı məktublardan da göründüyü kimi, kokain təcrübəsi Freydi nevrozların cinsi səbəbini kəşf etməyə, yuxularını şərh etməyə və öz-özünə analiz etməyə yönəltdi. Kokainin “fiziki və mənəvi tənəzzülə” yol açdığını qeyd edərkən Freyd yaxın dostlarına kokaini təbliğ etməyə davam edirdi, onlardan biri paranoid halüsinasiyalardan əziyyət çəkərək “dərisi üzərində sürünən ağ ilanlar” gördüyünü iddia edirdi. 

Bir konsepsiya və bir nəzəriyyə şəklində formalaşmış kokain təcrübəsi, Freydi öz təhlilini Edip konflikti (Oedipal conflict – uşağın anasına (atasına – qarşı cinsə) duyduğu şüursuz yaxınlığı və atasına (anasına) qarşı düşmənlik duyğularının olması və bununla əlaqədar ruhi pozuqluqlar kompleksinə verilən addır) və psixoanalizin kəşfinə istiqamətləndirdi. Onu da qeyd etmək lazımdır ki, Freydin kokainlə əlaqəsinə və psixoanalizini formalaşdırmasına koka yarpaqları haqqında müstəmləkə hekayələrinin mövcudluğu və avropalıların ibtidai insanların yaşayışına duyduğu maraqların təsiri vardır.

Freyd bu məqaləsində ilk dəfə kokainin anesteziya xüsusiyyətindən də bəhs etmişdir. Onun Vyana xəstəxanasının Oftalmologiya klinikasında çalışan həkim dostu Karl Koller (Carl Koller) heyvan kornealarına kokain tətbiq edərək kokainin lokal anestetik təsirini müşahidə etdi. Beləliklə, ilk dəfə kokain 1884-cü ildə lokal anesteziyada istifadə edildi.

Məşhur amerikalı həkim Vilyam Halsted (William Stewart Halsted) 1884-cü ildə ilk dəfə ağız nahiyəsini anesteziya etmək üçün kokain istifadə etdi və buna müvəffəq oldu. Halsted dərmanı öz üzərində dəfələrlə sınadığından nəticədə özü kokain aludəçisi olmuşdur. 1887-ci ildə ağız boşluğu anesteziya edilmiş 30 xəstədən 18-nin öldüyü qeyd edilmişdir.

Freydə 1923-cü ildə ağız xərçəngi diqanozu (damağın karsinoması) qoyuldu. Buna səbəb çox istifadə etdiyi siqar (gündəlik 20 ədəd) və kokain asılılığının olduğu düşünülür. Bu dövrdə siqareti atmaqdan açıq şəkildə imtina etdi. Kokain istfadəsi də ağrılarını azaltmırdı. Xəstəlikdən 16 il əziyyət çəkən Freyd 34 cərrahi əməliyyat keçirmişdir. 1939-cu ildə ağız xərçəngindən əziyyət çəkdiyi dözülməz ağrılara görə evtanaziya (Euthanasiaşəxsin öz istəyi ilə həyatına son qoymaq qərarı və həmin qərarın bu işdə maraqlı olmayan şəxs tərəfindən yerinə yetirilməsi) istədi.

1905-ci ilə qədər kokain istifadəsi populyar idi və beş il ərzində xəstəxanalar və tibbi ədəbiyyat bu dərmanın istifadəsi nəticəsində burun zədələnməsi hallarını bildirməyə başladı. 1912-ci ildə Amerika Birləşmiş Ştatları hökuməti bir ildə 5.000 kokainlə əlaqəli ölüm olduğunu bildirdi və 1922-ci ilə qədər dərman rəsmi olaraq qadağan edildi.

Bu maddənin anesteziyaedici təsiri Natrium kanallarının blokadası, vazokonstriksiya isə simpatik aktivasiya nəticəsində yaranır. Kokain simpatik sinapsların aktivliyini artıran katexolaminlərin geri alınmasını blokada edir, beləcə beyinə stimullaşdırıcı təsir göstərir. Beləliklə, kokain eyforiyaya, qarışıq düşüncələrə və motor fəaliyyətinin artmasına səbəb olur. Eyni zamanda yorğunluğu azaldır və stimuləedici vasitə kimi sui-istifadə olunur.

Kokainin bu qədər yan təsirlərinin olması, anesteziyanın qısa müddəti, eliminasıyanın sürəti (bu halı azaltmaq məqsədilə lokal anestetiklər adrenalinlə birlikdə istifadə olunur) və yüksək toksikliyi bu maddədən tibb təcrübəsində istifadəsinin kəskin azalmasına səbəb olmuşdur. Sonrakı təqdiqatlar nəticəsində yeni, daha az yan təsirləri olan və asılılıq yaratmayan lokal anestetiklərin (prokain, lidokain) kəşfi də bu maddəninin istifadəsini azaldan faktorlardandır. 

Kokain tibb təcrübəsində məhdud müraciət olunmasına baxmayaraq, narkotik vasitə kimi ən çox istifadə olunan maddələr siyahısındadır. Dünyanın bir çox ölkəsində, o cümlədən, Azərbaycanda dövriyyəsi qadağan olunmuş maddələr siyahısındadır.

Yazar: Wolfram

Ədəbiyyat siyahısı:

  1. D.I. Bjelic. (2016). Intoxication, Modernity, and Colonialism. Palgrave Macmillan. ISBN-10 : 1349950726
  2. J. Beyer. (2013). Encyclopedia of Forensic Sciences (Second Edition). Academic Press., 2250 pages.  ISBN: 9780123821652
  3. H. Markel. (2011). Über Coca: Sigmund Freud, Carl Koller, And Cocaine. JAMA. doi: 10.1001/jama.2011.394.
  4. Rachel A Goldstein, Carol DesLauriers, Anthony M Burda. (2009). Cocaine: history, social implications, and toxicity–a review. Dis Mon. 55(1):6-38. doi: 10.1016/j.disamonth.2008.10.002.
  5. A. dos Reis Jr. (2009). Sigmund Freud (1856-1939) And Karl Köller (1857-1944) And The Discovery Of Local Anesthesia. Rev Bras Anestesiol. doi: 10.1590/s0034-70942009000200013.
  6. W L Adeyemo. (2004). Sigmund Freud: smoking habit, oral cancer and euthanasia. Niger J Med;13(2):189-95
  7. Y. A. Ruetsch, et al. (2001). From Cocaine To Ropivacaine: The History Of Local Anesthetic Drugs. Current Topics in Medicinal Chemistry, sf: 175-182. doi: 10.2174/1568026013395335

Şəkillərə istinadlar:

  1. https://upload.wikimedia.org/wikipedia/commons/3/36/Sigmund_Freud%2C_by_Max_Halberstadt_%28cropped%29.jpg
  2. https://upload.wikimedia.org/wikipedia/commons/4/42/Erythroxylum_coca_-_K%C3%B6hler%E2%80%93s_Medizinal-Pflanzen-204.jpg
  3. https://banner2.cleanpng.com/20180717/rir/kisspng-troparil-phenyltropane-structural-analog-cocaine-c-cocain-5b4e2ea59d7de5.1250684515318504056451.jpg
  4. https://was.media/wp-content/uploads/2017/11/narkotiki-protiv-alkogolja_was_09.jpg
  5. https://cbsnews3.cbsistatic.com/hub/i/r/2011/08/11/67cdb3de-a643-11e2-a3f0-029118418759/resize/620×465/e0e810f16152f550106c78b3d8e30cb4/ubercoca.jpg

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: