Venera planetində canlı həyat izləri tapılıb

Uzun əsrlər boyunca Yer Kürəsindən başqa planetlərdə həyatın olub-olmaması barədə mübahisələr aparılırdı (bizim platformamızda Fermi paradosku barədə son videonu izləyin: https://www.youtube.com/watch?v=KG58QmtpgR4). 

20-ci əsrdə ideoloji yarışda iştirak edən ölkələr qonşu planetlər olan Marsa və Veneraya kosmik aparatlarını göndərib orada canlı həyat aşkar etmək üçün tələsirdilər. 

SSRİ-nin “Venera” və ABŞ-ın “Mariner” proqramları çərçivəsində Veneraya doğru zond göndərmək, atmosferinə daxil olmaq və hətta səthinə enmək cəhdləri edilmişdi və bu cəhdlər fərqli dərəcədə uğurla bitmişdi. Veneranın yüksək qatlarında temperatur səviyyələri yer kürəsindəki tropik temperaturlara yaxın olsa da, oradakı buludlar kükürd turşusu buxarından ibarətdir və 150 m/s sürətli küləklər əsir. Atmosferin daxili qatlarında isə temperatur 5000C -ə qədər yüksəlir. Aydın məsələdir ki, ən uğurlu tədqiqat zondları Veneranın səthində sadəcə bir neçə saat ərzində fəaliyyət göstərə bilirdi. 

Buna baxmayaraq, həmin tədqiqatlar bizə Venera haqqında bol-bol məlumatlar verib. Üstəlik, L. Ksanfomaliti adlı Sovet alimi Veneranın səthində tapılan, hərəkət edən obyektlərin canlı olduğunu fərz edib1, 2 (Şəkil 1). Lakin, əlbəttə, bu şəkillər çətinliklə Venerada həyatın olmasını təsdiq edə bilər. 

Bioloji həyatın olub-olmamasını təsdiq etmək üçün daha nüfuzlu sübutlar lazımdır. Bioloji həyatın əmələ gəlməsi üçün lazım olan kimyəvi hissəcikləri və bioloji orqanizmlərin yaşama məhsulları aşkar olunmalıdır. Həmin kimyəvi maddələri aşkar etmək üçün kainatı müşahidə edən möhtəşəm infraqırmızı (İR) spektral teleskoplar qurulmuşdur. Həmin teleskoplar Havay adalarındakı Mauna Kea vulkanın zirvəsində və Çilidəki Atakama səhrasının zirvələrində quraşdırılmışdır. Həmin nöqtələrdə, buludların sayının az və atmosferin rütubəti aşağı olduğundan, ən yüksək səma təmizliyi izlənilir. 

Spektral teleskopların fəaliyyət prinsipi nədir?

Bizim kainatımız dayanmadan saysız elektromaqnitik və kütləli maddə hissəciklə doludur. Hər bir hissəcik sonsuz kainat boşluğunda uzun illər ərzində səyahət edə bilər. Hər bir hissəciyin tezlik, maqnetik spin (impuls momenti) və s. kimi xüsusi parametrləri mövcuddur və bu parametrlər stabil qalır. Həmin proses laboratoriyada təkrar oluna bilər. Məsələn, vakuum dolu (və ya, daha doğrusu, boş) plastik bir qutunun bir tərəfindən buraxılan işıq və ya hər hansı bir hissəcik fotonları həmin qutunun digər səthindəki quraşdırılmış detektorla müşahidə edilsə, vakuumdakı səyahət edən hissəciklərin tezlik və maqnetik spin parametrlərində dəyişiklik aşkar olunmaz. Amma həmin qutu vakuumla yox, hansısa bir maddə ilə (misal üçün su, spirt, aseton, CO2, siqaret tüstüsü, marixuana tüstüsü: və bəli, tibbi ekspertlər qandakı kannabinoid və narkotik maddələri buna yaxın yolla aşkar edə bilir) doldursaq, həmin qutunun bir səthindən buraxılan işıq hissəcikləri həmin maddə ilə qarşılıqlı əlaqəyə girib parametrlərini dəyişəcək. Qutunun digər səthindəki detektor vasitəsilə hər hansı tezlikli fotonların sayını ölçsək, hər maddənin müəyyən tezlikli fotonları udmağı sevdiyini aşkar edə bilərik. Məsələn, etanol spirtindən keçirilən işığın 1000 və 3000 vahid (dalğa sayı/sm) tezlikli fotonları udulur3 (Şəkil 2). Asetonun 1400 və 1800 vahid tezlikli fotonları udulur4 (Şəkil 3). Beləliklə, İR spektroskopiya hər hansı bir birləşməni aşkar etmək üçün istifadə edilir. 

Çilidəki Ritçi-Kretyen teleskopları və Mauna Keadakı Djeyms Klerk Maksvell teleskopu həmin prinsipdən istifadə edir. Lakin onlar hər hansı kimyəvi maddə dolu qutudakı spektrləri yox, kosmosdan yer kürəmizə yönələn şüaları öyrənir. Beləliklə, biz Mars, Venera və başqa planetlərin atmosferinin quruluşunu izləyə bilirik5 (Şəkil 4). 

Spektral teleskoplar nə aşkar edib?

Tarixdə ilk dəfə Veneranın atmosferində fosfin qazı (PH3) aşkar edilib6. Məsələ ondadır ki, fosfin qazı kimyəvi xüsusiyyətləri ilə tanıdığımız ammiak birləşməsinə oxşardır və bəzi oksigen tələb etməyən bakteriyalar tərəfindən ifraz olunur. Əlavə olaraq, aşkar olunan fosfin miqdarları ildırım zamanı və yaxud vulkanın püskürməsi zamanı buraxılan fosfin səviyyələrindən qat-qat yüksəkdir və Veneranın atmosferində bakteriyaların mövcud olması həmin səviyyələrin tapılması ilə uzlaşır. Əlavə olaraq, gördüyünüz kimi (Şəkil 5) həm Havayidəki Maksvell (qırmızı spektr), həm Çilidəki (sarı spektr) teleskoplar bizə eyni məlumat verir. Veneranın atmosferində bioloji orqanizmlərin olub-olmamasını öyrənmək üçün yeni ekspedisiyalar hazırlanır.

Təsəvvür edin, qonşu planetimizdə həyat varsa, Günəş sistemin kənarlarında həyat tapılması ehtimalı nə qədər çoxala bilər.

Şəkil 1. Veneranın səthində “gəzən” ağ obyektlər.
Səkil 2. “Etanolun infraqırmızı spektri”. X= Dalğa sayı/saniyə, Y= Udulma
Səkil 3. “Etanolun infraqırmızı spektri”. X= Dalğa sayı/saniyə, Y= Udulma
Şəkil 4. Yer Kürəsi, Mars və Venernın atmosferindəki CO2 qazının spektral analizi. 
Şəkil 5. Venera atmosferindəki fosfin qazının spektrları.

Yazar: Francium

Mənbə:

  1. Amos, J. (2020, 14 Sentyabr). Is there life floating in the clouds of Venus? URL: https://www.bbc.com/news/science-environment-54133538
  2. Prostak, S. (2012, 30 Yanvar). Life on Venus: An Interview with Dr. Leonid Ksanfomality. URL: http://www.sci-news.com/space/article00161.html.
  3. Ethanol. URL: https://webbook.nist.gov/cgi/cbook.cgi?ID=C64175
  4. Acetone. URL: https://webbook.nist.gov/cgi/cbook.cgi?ID=C67641&Type=IR-SPEC&Index=2
  5. Searching for that light of life: Light of life, Planetary science, Light. URL: https://pl.pinterest.com/pin/518828819547798235/
  6. Mason, J. (2020, 14 Sentyabr). Scientists Detect Markers of Life on Venus. URL: https://www.themarysue.com/scientists-detect-markers-of-life-on-venus/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: