İncəsənət tarixi xronologiyası 2

İncəsənət ictimai şüurun formalarından biridir!

“İncəsənət tarixi xronologiyası” yazımızın birinci hissəsini rokoko cərəyanı ilə sonlandırmışdıq. İkinci hissə olan bu yazımızda qaldığımız yerdən, yəni neoklassisizmdən başlayaraq müasir dövrün cərəyanları da daxil olmaqla öyrənməyə davam edəcəyik.

  1. Neoklassisizm – Neoclassical (1750-1850)

1789-cu ildə Fransız inqilabı yeni tarixi dövrün başlaması ilə nəticələnir. Afina və Neapolda aşkar edilmiş qədim sivilizasiyaların arxeoloji qalıntıları o dövrə yenidən həvəs yaradırdı və sənətkarlar qədim sənət əsərlərini yenidən yaratmaq üçün səy göstərirdilər. Bu, harmoniyanın, sadəliyin və  klassik nisbətlərin ideallarına yenilənmiş bir maraq yaradırdı. Tarixi təsvirlərə modern bir yanaşma var idi. Adından göründüyü kimi, neoklassik dövr klassik antik dövrün elementlərini özünə cəlb etmişdir. Jak-Lui David (Jacques-Louis David – Napoleon Bonapartın saray rəssamı),  Jan Ogüst Dominik Enqr (Jean-Auguste-Dominique Ingres) və Antonio Kanova (Antonio Canova) cərəyanın əsqas sənətkarlarındandırlar.

Jak-Lui David – “Napoleon Alp dağlarını keçərkən” (Napoleon Crossing the Alps)1
  1. Romantizm – Romantism (1780-1850)

Fransada meydana çıxmış romantizm həyatı ideallaşdırmaq prinsipinə qarşı mübarizə aparırdı. Romantizm rəssamlıq, musiqi və ədəbiyyat kimi bir çox sahələrə təsir göstərmişdir. Bu incəsənət cərəyanı həm klassik incəsənətdə, həm də neoklassizmdə qəbul edilən nizamı, ahəngdarlığı və rasionallığı rədd edir. Bunun əvəzində romantik sənətkarlar fərdiliyin və təxəyyülün əhəmiyyətini vurğulamağa başladılar. 

Romantik sənətkarlara ingilis Villiam Törner (J.M.W Turner), fransız Öjen Dölakrua (Eugene Delacroix), ispan Fransisko Qoyya (Francesco Goya), rus İvan Ayvazovski (Ivan Aivazovsky), amerikan Benjamin Vest (Benjamin West) və alman Kaspar Fredrixi (Caspar David Friedrich) göstərmək olar.

Öjen Dölakrua – “Dantenin gəmisi” (The Barque of Dante)2
  1. Realizm – Realism (1848-1900)

1840-cı illərdə Fransada ilk müasir sənət hərəkatı olan realizm başladı. Fransa demokratik hərəkatının güclənməsi incəsənətdə realist meyillərin geniş miqyas almasına səbəb oldu. Realizm çoxsaylı hadisələrin nəticəsi idi: Almaniyadakı romantizmə  qarşı hərəkat, jurnalistikanın yüksəlişi və fotoqrafiyanın inkişafı. Gündəlik həyatı dəqiq şəkildə ifadə etmə marağı realizmə istiqamət vermişdir.

Qustav Kurbe (Gustave Courbet), Onore Domye (Honoré Daumier) və Jan-Fransua Mille (Jean-François Millet) realizmin əsas nümayəndələrindəndir. 

Jan-Fransua Mille – “Sünbülyığanlar” (The Gleaners)3
  1. İmpressionizm – Impressionism (1865-1885)

Bu cərəyan Fransada yaranmışdır.”İmpression” fransızca təəssürat  deməkdir. İmpressionizmi Klod Mone (Claude Monet), Eduard Mane (Edouard Manet), Pyer-Ogüst Renuar (Pierre-Auguste Renoir), Kamill Pissarro (Camille Pissarro) Berta Morizo (Berthe Morisot) kimi sənətkarlar təmsil edirlər. İmpressionist rəssamlar həyatın oyatdığı ani təəssüratı əks etdirməyə çalışırdılar.

Klod Mone əsərlərindən birini “Günəşin doğması. Təəssürat” adlandırmışdı və onu 1874-cü ildə bir sərgidə nümayiş etdirmişdir. Bir qrup tənqidçi tablonun adının gülünc olduğunu düşünmüş, Mone və onun dostlarını impressionist adlandırmışdır. 

Klod Mone – “Günəşin doğması. Təəssürat” (Impression, sunrise)4
  1. Postimpressionizm – Post – Impressionism (1885-1910)

Postimpressionizm (impressionizmdən sonra) şərti bir anlayışdır. Bir neçə fərqli üslubda yaradan sənətkarı bu termin birləşdirmişdir. Postimpressionist rəssamlar qrup halında deyil, müstəqil şəkildə çalışırdılar, lakin hər bir nüfuzlu postimpressionist rəssamın oxşar idealları var idi. Bu rəssamlar arasında Pol Sezann (Paul Cézanne), Vinsent Van Qoq (Vincent van Gogh), Pol Qogen (Paul Gauguin), Edqar Deqa (Edgar Degas) Anri Tuluz-Lotrek (Henri de Toulouse-Lautrec) kimi dəyərli adlar vardır. Onlar xarici dünyanı müşahidə etməkdən daha çox subyektiv yanaşmalar və simvolik mənalar üzərində cəmləşmişdilər. Buna mücərrəd formalar vasitəsilə nail olurdular. 

Vinsent Van Qoq – “Ulduzlu gecə” (The Starry Night)5
  1. Fovizm – Fauvism (1900-1935)

Anri Matissin (Henri Matisse) liderlik etdiyi fovizm, Vinsent Van Qoqun əsərlərindən ilhamlanaraq yaranmışdır. 20-ci əsrin ilk avanqard cərəyandır.

Fotoqrafiyanın meydana çıxması və geniş vüsət alması ilə əlaqədar rəssamlar öz əsas vəzifələrini artıq nəyi yox, necə çəkməkdə görürdülər. Fovistlər rəngi real rolundan ayıraraq onlara yeni, emosianal məna vermişdilər. Beləliklə, əsərin məzmunu arxa plana keçir, yerini yeni  üslub və texnika axtarışına verirdi. Beləcə get-gedə reallıqdan uzaqlaşan cərəyanlar bir-birini əvəz etməyə başlamışdır.

Fovizm ekspressionizm və kubizmin xəbərçisi idi.

Anri Matiss – “Şlyapalı qadın” (Woman With a Hat)6
  1. Ekspressionizm – Expressionism (1905–1920)

Ekspressionizm getdikcə artan ziddiyyətli dünya görüşlərinə və mənəvi dəyərlərin itirilməsinə cavab olaraq ortaya çıxmışdır. Bu dövrdə elm və texnologiyanın sürətli inkişafı insan psixologiyasına güclü təsir göstərmişdir. Texnologiyanın bu sürəti və müasirləşmə düşüncəsi insanları yalnızlaşdırırdı. 

Bu dövrdə Almaniyada və Fransada yaşayan bəzi insanlar bu sürətli inkişafdan narahat idilər. Təbiəti sevən, dinə meyilli və mənimsədikləri əxlaq qaydalarının yox edilməsindən qorxan insan qrupları meydana çıxmağa başladı. Bu insanlar və belə düşünən rəsssamlar birləşərək “Die Brücke” (Körpü) və “Der Blaue Reiter” (Mavi Çavuş) adlı qruplar qurdular. Onları bir araya gətirən yalnızlıqları, kədərləri, dini və əxlaqi dəyərləri sorğulamaq və qorumaq istəyi idi. Eyni zamanda əsərlərini nəşr etdirə bilmək qayğısı idi. 

Ekspressionist sənətkarlara Vinsent van Qoq (Vincent van Gogh), Edvard Munk (Edvard Munch) və Ceyms Ensoru (James Ensor) göstərmək olar. 

Ekspresionistlər hər şeyi göründüyü kimi deyil, ruhlarında və zehinlərində canlandığı kimi təqdim etməyə meyilli idilər.  Düşüncülərini kəskin şəkildə rənglərdən istifadə edərək ifadə edirdilər.

Edvard Munk – “Fəryad” (The Scream)7
  1. Kubizm (Cubism), Futurizm (Futurism), Suprematizm (Supremativism), Konstruktivizm (Constructivism), De Steyl (De Stijl) (1905-1920)

Kubizm cərəyanı I Dünya müharibəsi bitdikdən sonra Parisdə yaranmışdır. Müharibə ilə sarsılmış dünya incəsənətdə də bölünmələr göstərmişdir. Pol Sezan (Paul Cézanne)  kubizm sənət cərəyanın yaranmasına təkan verən düşüncəsi var idi. Bu real obyektləri həndəsi fiqurlar kimi təsvir edilməsi düşüncəsi idi. Fikri mənimsəyən rəssamlara Jorj Brak (Georges Braque) və Pablo Pikassonu (Pablo Picasso) göstərmək olar. 

1907-ci ildən 1914-ci ilədək Brak və Pikasso birlikdə işlədilər. Nəinki yaradıcılıqlarına, hətta bir-birinin geyim tərzinə belə təsir etdilər. Bu müddət ərzində onları Rayt qardaşlarına (Wright brothers – motorlu təyyarəni ixtira etmiş qardaşlar (1903)) bənzədirdilər. Kubizm cərəyanın parlaq əsərlərini bu zaman yaratmışdılar.

Jorj Brak – “Skripka və palitra” (Violin and palette)8
Pablo Pikasso – “Avignon xanımları” (Les Demoiselles d’Avignon)9

Futurizm XX əsrin 10-20-ci illərində yaranmış Avropa incəsənətinin avanqard cərəyanlardan biridir. Futuristlər ənənəvi sənət anlayışlarının əksinə inkişafa, müasirliyə və gələcəyə yönəlmiş bir istiqamət seçdilər. Sənətkarlar şəhər mənzərələrinə qatar, avtomobil və təyyarə təsvirləri əlavə edirdilər. I Dünya müharibəsinin bitməsiylə daha geniş vüsət almağa başlamışdır. Bu cərəyanın banisi sonralar faşizmin fəal təbliğatçısı, “Futurist manifestinin” (1909) müəllifi italyan şair Marinetti (Filippo Tommaso Marinetti) idi. U.Boççoni (Umberto Boccioni), K. Karra (Carlo Carrà) və C. Balla (Giacomo Balla) cərəyanın nümayəndələridir.

U.Boççoni – “Şəhərin yüksəlişi” (The City Rises)10

Suprematizm həndəsi fiqurları mənimsəyən cərəyanlandandır. Rus rəssam Kazimir Maleviç (Kazimir Malevich) tərəfindən əsası qoyulan bu cərəyan avanqard istiqamətlərdən biridir.

K. Maliviç – “Suprematik kompozisiya” (Suprematist Composition)11

Konstruktivizm 20-ci əsrdə Rusiyada yaranan ən təsirli müasir incəsənət cərəyanlarındandır. Cərəyan bolşeviklərin 1917-ci il Oktyabr inqilabında hakimiyyətə gəlməsi ilə inkişaf etdi və başlanğıcda bu inqilabın hədəflərini dəstəkləyən ən qabaqcıl rus sənətkarlarının ümidləri və fikirləri üçün vasitəçi kimi çıxış etdi. Konstruktivizm  kubizm, suprematizm və futurizm ideyalarını özündə cəmləşdirsə də nisbətən fərqli yanaşması var idi. Ənənəvi incəsənət qayğısı ilə yaradılmış obyektlərin aradan qaldırmağa və yerinə “tikinti” qoymağa çalışırdı. 

Konstruktivizmdə müasir materialların diqqətlə texniki təhlili vacib idi və bu araşdırmaların müasir, kommunist cəmiyyətin məqsədlərinə xidmət edən, kütləvi istehsalda istifadə edilə biləcək fikirlər verəcəyinə ümid edilirdi. Bu hərəkat rəssamın studiyasından fabrikə keçidini hədəfləyirdi. Bəziləri isə bu keçidin əleyhinə idilər. Bu sənətkarlar Avropada konstruktivizmin yayılmasına böyük təsir göstəribər. Digərləri sənətçilərin sənayedə işlədiyi, Produktivlik (Productivism) kimi tanınan yeni, lakin qısa müddətli və məyusluq yaradan mərhələyə keçmişdilər.

1920-ci illərin ortalarında Rusiya konstruktivizmi tənəzzülə uğradı, qismən Bolşevik rejiminin avanqard sənətinə artan düşmənçiliyinin qurbanı oldu. Lakin bu, 1920-ci illərdə Almaniyada çiçəklənmə dövrünü yaşayan və mirası 1950-ci illərə qədər davam edən “beynəlxalq konstruktivizm” adlı bir hərəkatı dəstəkləyən qərbdəki sənətçilər üçün bir ilham olaraq qalmışdı. 

Vladimir Tatlin (Vladimir Tatlin) Aleksandr Rodçenko (Aleksander Mikhailovich Rodchenko) bu cərəyanın nümayəndələrindəndirlər.

Vladimir Tatlin – “Künc sayğacı” (Corner Counter-Relief)12

Hollandiyada meydana gəlmiş De Steyl cərəyanı həndəsi formalar və əsas rənglər kimi vizual elementlərə yönəlmiş bir estetik anlayışını mənimsəmişdir. Bu dövrün sənətkaarlarına Dozberx (Theo Van Doesburg) və Mondriyanı (Piet Mondrian) göstərmək olar. De Steyl sənətçiləri diqqəti yalnız rəsm və heykəltəraşlıq kimi incəsənət növlərinə deyil, bütün digər sənət formalarına, o cümlədən, sənaye dizaynı, tipoqrafiya, hətta ədəbiyyat və musiqi sahələrinə yönəltdilər.

Mondriyan – “Kompozisiya A” (Composition A)13
  1. Dadaizm (Dada) and Sürrealizm (Surrealism) (1917-1950)

Dada İsveçrənin Zürix şəhərində başlayan bədii və ədəbi cərəyandır. Birinci Dünya müharibəsinə və milliyyətçiliyə reaksiya olaraq ortaya çıxmışdır. Digər avanqard cərəyanlardan (kubizm, futurizm, konstruktivizm və ekspresyonizm) təsirlənmişdir. Hüqo Bol (Hugo Ball) cərəyanın öncüsüdür. Anna Höx (Hannah Höch), Marsel Düşam (Marcel Duchamp), Tristan Zaraa (Tristan Tzaraa) Men Rey (Man Ray) əsas nümayəndələrindəndir. Dada cərəyanı sürrealizmin qurulması ilə dağılmışdı, lakin ortaya atdığı fikirlər müasir incəsənətin müxtəlif kateqoriyalarının əsasını təşkil etmişdir.

Marsel Düşam – “Bulaq” (Fountain)14

1916-cı ildə dadaizm incəsənət səhnəsindən çəkilsə də, onun təmsilçiləri fransız sənətkarlar sürrealizm adı altında toplaşdılar. Bəzilərinə görə isə dadaizm Parisə gəlməzdən əvvəl Andre Breton və onun tərəfdaşları sonradan sürrealizm adlandırılacaq prinsiplərin çoxuna əməl edirdilər. Sürrealistlər rasional təfəkkürü inkar etdilər. Bu düşüncələrin səbəbini Birinci Dünya müharibəsində görürdülər.

Sürrealistlərə Karl Marks (Karl Marx), psixoanalizi və xəyal gücünü araşdıran Ziqmund Freyd (Sigmund Freyd) tərəfindən irəli sürülmüş nəzəriyyələr təsir etmişdir. Salvador Dali (Salvador Dalí),  Rene Maqrit (René Magritte), Frida Kalo (Frida Kahlo) kimi nüfuslu sürrealist sənətkarlar küçədə və gündəlik həyatda aşkar olunan ayələri təsvir etmək üçün şüursuz zehnə müraciət etdilər.

S. Dali – “Yaddaşın əzmi” (Persistence of Memory)15
  1. Abstrakt ekspressionizm – Abstract Expressionism (1940-1950) and Pop-Art – Pop art (1960-)

İkinci Dünya müharibəsindən sonrakı (1939-1945) dövr incəsənəti tarixi həm dinamik, həm də rəngarəngdir. Bu dövrdən başlayaraq təsviri sənət aləmində saysız-hesabsız cərəyanlar sürətlə bir-birini əvəz edir.  

Abstrakt ekspressionizm də İkinci Dünya müharibəsindən sonra Nyu-Yorkda sürrealizmin irsi olaraq formalaşan cərəyandır. Tez-tez Nyu-York məktəbi və ya fəaliyyət rəsmləri adlanır. Abstrakt ekspressionizm qeyri-həndəsi ştrixlər, böyük fırçalar istifadə edərək, emosiyaları tam üzə çıxarmaq üçün bəzən rəngləri kətan üzərinə damladaraq sürətlə və böyük lövhələrdə rəsm çəkən rəssamların məktəbidir.  Belə yaradıcılıq üslubunda rəssamın məqsədi öz daxili dünyasını, şüuraltını məntiqi təfəkkürlə izah edilməyən xaotik formalarda qəfil ifadə etməkdir.

Məşhur abstrakt ekspressionist rəssamlara özünəməxsus damcı rəngləmə üslubu ilə tanınan Cekson Pollok (Jackson Pollock) və rəsmlərində mənəviyyat duyğusunu çatdırmaq üçün böyük rəngli bloklardan istifadə edən Mark Rotko (Mark Rothko) daxildir.

Cekson Pollok16
Mark Rotko17

Pop-Art 1950-60-cı illərdə Qərbi Avropa və ABŞ-da abstrakt ekspressionizmə əks reaksiya kimi meydana gəlmiş təsviri incəsənət cərəyanıdır. Geniş xalq kütlələrinin qəlbinə yol tapmaq avanqard sənətçilər üçün olduqca çətin idi. Tamaşaçıların sənət əsərinə baxmağa marağı qəyiyyən yox idi. Demək olar ki, “rəssam və ictimaiyyət” münasibətləri məhz XX əsrin sosial həyatında meydana çıxmışdır. 

Pop-art nümayəndələrinin əsərlərində bədii obrazlar real həyatdan götürülmüş əşyalar ilə əvəz olunur, beləliklə də natura, əşya əsərin əsas komponenti kimi nümayiş etdirilir.

Endi Uorhol (Andy Warhol)Roy Lixtenşteyn (Roy Lichtenstein) kimi pop-art sənətçiləri incəsənətin hər hansı bir mənbədən bəhrələnə biləcəyini düşündülər, çünki bunu müəyyən edəcək bir mədəniyyət iyerarxiyası yoxdur.

Endi Uorhol – “Campbell’s Soup Cans”18
  1. Postmodernizm – Postmodernism və Dekonstruktivizm – Deconstructivism (1970-)

Postmodern incəsənət özündə bir çox cərəyanı birləşdirir. XX əsrin 2-ci yarısından başlayaraq qabaqcıl ölkələrdə modernizm böhran keçirmiş, yerini postmodernizmə vermişdir. Günümüzdə də mədəniyyətin və fəlsəfənin müxtəlif sahələrində postmodernizm özünü göstərməkdədir.

Postmodernizm mərkəzi olmayan sənət adlandırmaq olar. Keçmiş üslubları yenidən işləyib, qarışdıraraq yeni əsərlər yaratmaqdır.

Gerard Rixter (Gerhard Richter) postmodern alman rəssamdır. 2013-cü ildə Gerard Rixter 1962-ci ildən bəri üzərində çalışdığı “Atlas”-ı yeni plitələrin son seriyasını əlavə edərək tamamlamışdır.

Gerard Rixter –“Atlas”19

Dekonstruktivizm postmodern memarlığın inkişafı nəticəsində 1980-ci illərin sonunda formalaşmış memarlıq üslubudur. Fərdi yaradıcılıq tərzlərinin müxtəlifliyinə baxmayaraq dekonstruktivizm yaradıcıları konstruktivizmin kompozisiya mövzularına əsaslanaraq, onları bir qədər deformasıya edirlər. Bu da kompozisiyalara dinamizm və kəskinlik verir.

Frank Gerinin (Frank Gehry) Praqadakı “Rəqs evi” (Dancing house) dekontruktiv memarlıq nümumələrindəndir.

Frank Geri – “Rəqs evi”20

Yazımızda incəsənət dövr və cərəyanlarına xronoloji cəhətdən yanaşmağa çalışmışıq. Görünür ki, bir çox sənət cərəyanı bir-birin təsiri ilə yaranmışdır və yaranacaqdır. Əlbəttə ki, incəsənət tarixini və cərəyanların dərinliklərini anlamaq üçün bu yazı çox primitivdir. Ancaq bir başlanğıcdır!

Yazar: Wolfram

Ədəbiyyat siyahısı:

  1. History of the World in 1000 objects, Dorling Kindersley Limited, 2015, ISBN 978-1-4093-5466-6.
  2. https://www.theartstory.org/movement/expressionism/
  3. https://www.invaluable.com/blog/art-history-timeline/
  4. https://www.dummies.com/education/art-appreciation/art-history-timeline/
  5. https://www.theartstory.org/movements/
  6. https://www.theartstory.org/movement/suprematism/
  7. https://www.theartstory.org/movement/constructivism/
  8. https://en.wikipedia.org/wiki/Pop_art
  9. https://en.wikipedia.org/wiki/Deconstructivism

Şəkillərə istinadlar:

  1. https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fd/David_-_Napoleon_crossing_the_Alps_-_Malmaison2.jpg/300px-David_-_Napoleon_crossing_the_Alps_-_Malmaison2.jpg
  2. https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/70/Eug%C3%A8ne_Delacroix_-_The_Barque_of_Dante.jpg/300px-Eug%C3%A8ne_Delacroix_-_The_Barque_of_Dante.jpg
  3. https://galleryintell.com/wp-content/uploads/2014/03/Jean-Francois-Millet-Gleaners.jpg
  4. http://art-monet.com/image/1870/1873%20Impression,%20sunrise.jpg
  5. https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ea/Van_Gogh_-_Starry_Night_-_Google_Art_Project.jpg/800px-Van_Gogh_-_Starry_Night_-_Google_Art_Project.jpg
  6. https://www.artsy.net/artwork/henri-matisse-femme-au-chapeau-woman-with-a-hat-1
  7. https://www.edvardmunch.org/images/paintings/the-scream.jpg
  8. https://www.theartstory.org/images20/works/cubism_3.jpg
  9. https://www.theartstory.org/images20/works/cubism_1.jpg
  10. https://www.theartstory.org/images20/works/futurism_1.jpg?1
  11. https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/13/Suprematist_Composition_-_Kazimir_Malevich.jpg/275px-Suprematist_Composition_-_Kazimir_Malevich.jpg
  12. https://www.artsy.net/artwork/vladimir-tatlin-corner-counter-relief
  13. https://www.theartstory.org/images20/works/de_stijl_1.jpg?1
  14. https://www.theartstory.org/images20/works/dada_4.jpg?3
  15. https://www.moma.org/collection/works/79018
  16. https://blog.artsper.com/wp-content/uploads/2017/04/convergence-1024×614.jpg
  17. https://en.opisanie-kartin.com/images/2/image1598.jpg
  18. https://uploads7.wikiart.org/images/andy-warhol/campbell-s-soup-can-beef.jpg!Large.jpg
  19. http://moussemagazine.it/app/uploads/0A-Richter_Atlas_Tafel3_06.jpg
  20. https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1b/Case_danzanti.jpg/800px-Case_danzanti.jpg

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: