Sürətli Iqtisadi İnkişafın İlkin Mərhələlərində Avtoritar Rejim Olması Məcburidirmi?

Tarix boyu iqtisadi inkişaf üçün siyasi sistemin əhəmiyyəti müxtəlif nümunələrdə müşahidələrlə qarşımıza çıxmış, hətta bir iqtisadi inkişaf analizi metoduna çevrilmişdir. Sürətli iqtisadi inkişaf deyildikdə isə, ilk ağıla gələn Tayvan, Sinqapur, Hong Kong, Cənubi Koreya (Asiya Pələngləri), Çin və Yaponiya kimi ölkələrdir. Hansı ki, bu ölkələrin adıkeçən sürətli inkişafının əvvəlində avtoritar rejimin mövcudluğu gözə çarpır. Belə olan halda yalnız avtoritar rejimlərinmi sözügedən şəkildə sürətli iqtisadi inkişafın təməlini atmaq üçün zəruri şəraiti yaradıb-yaratmadığı sualı ortaya çıxır.

Dörd Asiya pələngi. Bayraqları ilə xəritədə göstərilmiş.

  “Mülkiyyət haqqlarının qorunması təminatının inkişafın vacib aspekti olması” fikri demək olar ki artıq aksiom adlandırıla bilər. Ancaq demokratik yoxsa avtoritar rejimlərin bunu etməkdə daha müvəffəq olub-olmaması məsələsi hələ də öz məchulluğunu qoruyur. Diktatura dövləti böyük firmaların və ya birliklərin (union) təzyiqlərindən təcrid etmək imkanına sahibdir. Bu diktaturanın demokratiya qarşısında iqtisadi böyümə məsələsində ən önəmli üstünlüyü sayıla bilər. Siyasi müxalifətin olmamasının başqa aspektlərdən baxıldığı zaman bir çox mənfi yönü olsa da, bu xüsusda, xüsusən ilkin inkişaf islahatları zamanı hər hansı müxalifət yoxluğu məsələsi üstünlüyə də çevrilə bilir. Demokratik ölkələrə nəzər saldıqda isə hakimiyyətə qarşı müxalifət tərəfindən daimi təzyiqin şahidi oluruq. Belə olan halda hakimiyyətin əsas prioriteti növbəti seçkilərdə də yerini saxlamaq olur. Lakin iqtisadi inkişafın ilk addımlarında ümumiyyətlə 5 ildən çox qətiyyətli siyasət tələb oluna bilər. Problem ondadır ki, bu tipli hər bir siyasətin müsbət təsirləri özünü 4 və ya 5 ildən çox uzun müddətdə göstərə bilir. Qısa müddətdə isə sistemin işləmədiyi illuziyasını yaradaraq ölkənin kostitusiyasından asılı olaraq 4 və ya 5 il sonra həmin siyasəti tətbiq edən iqtidarın getməsinə, yeni iqtidarın isə tamamən fərqli strategiya ilə hər şeyi sıfırdan başlamasına, onun da 4-5 il içində missiyasını yerinə yetirə bilməyib yenə əvvəlki vəziyyətə qayıtmağa şövq edir. Beləcə bu uğursuzluq qapalı sistem dairəsində qalaraq daimi şəkildə sürətli inkişafa nail ola bilməməyə gətirib çıxarır. Bu qapalı dairələr çox uzun müddət davam edə, dövləti bərbad iqtisadi vəziyyətə sala, hətta düşük gəlir tələsinə (low-income trap) düşməsinə belə səbəb ola bilər.

  Digər tərəfdən diktator rejimləri dövlətin birbaşa müdaxiləsi ilə qısa müddətdə iqtisadiyyatı daha effektiv yönləndirə, həmçinin yerli bazarı özəl və xarici təzyiqlərdən qoruya bilər. Eyni zamanda özəl sektorun azlıq təşkil etməsi diktator rejimlərinin ölkədaxili böyük gəlir bərabərsizlikləri ilə üzləşməməsinə və beləcə bir qədər mübahisəli fikir olsa da, xalqın daha çox qənaət etməsinə səbəb olur. Bu da öz növbəsində gələcəkdə investisiyalara şərait yaradaraq inkişafın təməlini atır. Bəli, qənaətlərin investisiyaya gətirib çıxarması hər nə qədər Kalvinist düşüncə tərzi səbəbilə 17-18-ci əsrlərdə kapitalizmin yaranması ilə nəticələnibsə də, günümüzdə də öz aktuallığını qorumaqdadır.

  Diktatura vəziyyətində ölkənin iqtisadi, siyasi və demək olar ki, hər bir aspektinin taleyinin yalnız bir şəxsdən / partiyadan asılı olduğunu nəzərə alsaq, bir nəfərin / partiyanın düzgün siyasəti izləyəcəyi halda həmin ölkənin də lazımi inkişafı əldə edəcəyini fərz etmək olar. Bu tip diktatorlar terminologiyada benevolent (xoşniyyətli) diktatorlar adlanır. Vikipediyanın eyniadlı məqaləsində isə, Mustafa Kemal Atatürk, Josip Broz Tito və Lee Kuan Yew kimi tarixi şəxsiyyətlərin adı keçir. Bunlardan ən barizi ölkəyə müstəqillikdən bəri 31 il rəhbərlik edərək onu Cənubi Koreya, Yaponiya və İsrail ilə birlikdə Asiyanın dörd inkişaf etmiş ölkəsindən biri edən ”Sinqapurun atası” Lee Kuan Yew ola bilər. Hətta Çin iqtisadi islahatlar apararkən belə dörd Asiya pələnginin yolunu tutmuşdu.

Lee Kuan Yew.

  Ancaq tarixə nəzər salıb Avropa ölkələrinin iqtisadi inkişaf yolunu təhlil edərkən, 1215-ci ildə artıq İngiltərədə monarxın mütləq hakimiyyətini zəiflədən Maqna Kartanın olduğunu nəzərə alaraq güclü diktator dövlətin izini tapmaq çox çətin olur. Avropa dövlətləri əsasən elmi və hərbi ixtiralar, ətrafda ticarət üçün bir çox sivil cəmiyyətlərin olmasının üstünlüyü (bir-biriləri ilə ticarət) və nəhayət, 15-18 əsr coğrafi kəşfləri sayəsində inkişaf ediblər. Onların iqtisadi inkişafının heç də bir neçə onillikdə birdən-birə baş vermiş “möcüzə” (Asiyadakı ”Japanese Miracle”-“Yapon Möcüzəsi” kimi) ilə deyil, renessans, aydınlanma və sənaye inqilabı kimi əsrlərə yayılmış məfhumlarla izahı daha məqsədəuyğun olardı. Doğrudur, onlarda Asiya Pələngləri və Çin kimi son 5-6 onillikdə sürətli bir inkişaf olmayıb, ancaq sürətli inkişafa imza atan Asiya dövlətlərinin bir-birlərinə coğrafi və mədəni baxımdan yaxın olması da bir qədər şübhə doğurur. Yəni bəlkə elə cəmiyyət özü yüzillər, hətta minillərdir mütləq monarx ilə idarə edildiyi üçün artıq bu sistemi instinktiv olaraq doğru görür və məhz həmin Asiya cəmiyyətlərinin avtoritar rejimlə inkişaf yolunu tuta bilməsi, əslində, sadəcə o mədəniyyətlərə xas xüsusiyyət olub avtoritar rejim ve sürətli iqtisadi inkişaf arasında mütləq əlaqə olub-olmadığı haqda heç bir arqument təşkil etmir? Bu halda bizə Asiya ölkələri kimi sürətli iqtisadi inkişafı bacarmış ancaq bunu edərkən heç bir avtoritar rejim mərhələsindən keçməmiş ölkə misalı lazımdır. Məsələn, Latın Amerikan ölkəri də bir zamanlar sürətli iqtisadi inkişafa can atmış, ancaq yuxarıda adı çəkilən ölkələr qədər uğurlu olmamışdır. Bu halda ağıla yalnız Almaniya gələ bilər. Öncədən də inkişaf etmiş olmasına baxmayaraq, hər iki dünya müharibəsindən məğlub ayrılmış Qərbi Almaniya dağılmış iqtisadiyyatını tez zamanda düzəldə bilmiş və hal-hazırda dünyanın ən böyük dördüncü iqtisadiyyatına sahib olmağı bacarmışdır. Almaniyanın da müharibədən sonrakı tarixinə nəzər salsaq, 1949-63-cü illərdə kansler olmuş Konrad Adenauer adına rast gəlirik. Yəni, sürətli iqtisadi inkişaf örnəyi Avropa ölkəsində belə yenə uzun müddət hakimiyyətdə qalmış lider şəxs qarşımıza çıxır. Alman xalqı da mədəni-siyasi olaraq daim uzun müddətli güclü siyasi fiqur axtarışında olub, yoxsa yox, bu da subyektiv məsələdir.

Konrad Adenauer

  Nəticədə avtoritar rejimlərin sürətli iqtisadi inkişafa yön verdiyi ilə bağlı bir neçə misalı görmüş olduq. Hətta avtoritar olmayıb eyni inkişafı bacarmış bir misal belə tapa bilmədik. Bu millətin xarakteri ilə bağlıdır yoxsa rejim avtoritar olmadıqca sürətli inkişaf mümkün deyilmi -bunu iqtisadiyyatın tam olaraq dəqiq elm olmaması səbəbilə bilməyəcəyik. Heç bir demokratik rejimin indiyə qədər adı keçən inkişafı bacara bilməməsi həmişə belə olacağı mənasına gəlirmi? Elə bu və bu tipli bütün sualların cavabının da yuxarıda qeyd edilən səbəbdən indi tapılması mümkünsüzdür. Əlimizdə yalnız bugünün faktı var, o da hələ ki, yalnız avtoritar rejimlərin sürətli iqtisadi inkişafı təmin etməsi. Əksi isbat olunmadığı (müşahidə edilmədiyi) müddətcə hələ ki ancaq avtoritar rejimlər adı keçən məsələdə uğurludur deyə bilərik.

Mövzu haqda daha ətraflı oxumaq istəyənlər üçün aşağıda qeyd edilənlər içində son mənbəni tövsiyə edirik.

Yazar: Nickel

Mənbələr:

  1. “World Economic Outlook Database, October 2019”. IMF.org. International Monetary Fund.
  2. William Easterly. (2011). Benevolent Autocrats. NYU, NBER, BREAD.
  3. Ronald Dore. (1978). Scholars and Preachers. IDS Bulletin. Sussex, U.K.: International Development Studies.
  4. Gary Gereffi, and Donald L. Wyman. (1990). Manufacturing Miracles. Paths of Industrialization in Latin America and East Asia. Princeton: Princeton University Press.
  5. Przeworski &Limongi. (1993). Political Regimes and Economic Growth. Journal of Economic Perspectiv, 51-59

İstifadə edilmiş şəkillərin mənbəsi:

  1. wikipedia.org

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: