əsər yönümlü tənqid

Ədəbi Tənqid 4: Əsər Yönümlü Tənqid

Ədəbi Tənqid yazı seriyamızın 4-cü yazısında sizlərlə əsər yönümlü tənqid metodunu öyrənəcəyik. İndiyədək öyrəndiyimiz metodlarda əsəri onun çıxış nöqtəsi və ya yaranma prosesi ilə təhlil edirdik. Bu metodda isə əsəri yazarından və xarici dünyadan müstəqil olaraq, tək başına dəyərləndirəcəyik. 

Əsər yönümlü tənqid metodlarına yeni kritisizm, strukturalizm və arxetip tənqid daxildir. Bu metodların “bağlı olduğu”  yeni kritisizm, rus formalizmi və strukturalizm cərəyanları əsər yönümlü cərəyanlar/nəzəriyyələr olduqlarına görə formalist hesab olunurlar, çünki onlara görə, bir sənət əsərini digərlərindən fərqləndirən xüsusiyyət elə əsərin öz quruluşundadır.

Yeni kritisizm cərəyanı ən çox ABŞ-da qəbul edilmiş, inkişaf etmiş və təsirli olsa da, 1930-cu illərdə İngiltərədə başlayıb və 1950-ci illərdən sonra təsiri zəifləyib. Bu cərəyan özündən əvvəlki cərəyanlara reaksiya olaraq yaranıb, çünki realistlər və ekspressionistlər ədəbiyyat mətnini bir vasitə olaraq görürdülər. Bu cərəyan tərəfdarları üçün isə mühim olan forma və məzmundur, yəni mətn bir vasitə deyil, özü tək bir sənət əsəridir. Yeni kritisizm tənqid metodu olaraq da sosiologiya, tarix və ya psixologiya kimi elmlərə söykənən, ədəbiyyatdan uzaqlaşaraq sənət aspektini kənara qoyaraq edilən tənqidə bir reaksiyadır. Öz-özünə yetərli bir ədəbi əsərin qiymətləndirilməsi üçün lazım olan bütün məlumatlar əsərin özündə mövcud olduğundan, mətndən kənara çıxan qeyri-ədəbi meyarlardan istifadə etmək lazımsız və yersizdir. 

Digər tərəfdən, əsərin mənasını və ya qiymətini müəllif və oxucuda da axtarmaq olmaz. Əsərin mənasının müəllifin düşündüyü məna olduğunu hesab etmək müəllifin “etdiyi” ilə “etmək istədiyini” qarışdırmaqdır, çünki müəllifin məqsədilə nəticə eyni olmaya bilər. Əsərin mənası indi müəllifdən ayrılmış mətndədir və orada axtarılmalıdır. Oxucuya gəldikdə isə, ona meyar kimi yanaşmaq, əsərin “nə olduğu” ilə “nə etdiyini” bir-birinə qarışdırmaq deməkdir. Bu dəfə ölçülmüş işin uğuru oxucuya etdiyi təsir, yəni oxucunun duyğuları olur və bu duyğular oxucudan oxucuya dəyişərək bizi nisbiliyə aparar. Yeni kritisizmə etirazlardan biri onun əsəri tarix və cəmiyyətdən qoparmasıdır. Tənqidçilər inanırlar ki, tarixə, sosial vəziyyətə və xüsusilə dövrün sənət ənənələrinə diqqət bir mətni başa düşmək üçün bəzən vacibdir. Digər bir etiraz, yeni kritisizmin oxucu anlayışına etirazıdır. Yeni kritisizm əsərin mənasının vahid və oxucudan müstəqil olduğuna inanır, lakin tənqidçilərə görə bu, siyasi və ideoloji cəhətdən doğru deyil.

Rus formalizmi yeni kritisizmdən daha əvvəl, 1915-1930-cu illər arasında yaranıb və 60-cı illərdə yaranan strukturalizmin (strukturalizm bir çox elm sahələrində tətbiq edilən metoddur. Bu yazıda ancaq ədəbiyyatda strukturalizmdən bəhs edirik) mühüm mənbələrindən biridir.  Ədəbiyyatda strukturalizmin bir digər mənbəyi isə struktur dilçilikdir. Ədəbiyyat quruluş baxımından dilə bənzəyir və istifadə etdiyi material elə dilin özüdür. Strukturistlər hamısı dillərə bənzər hesab etdikləri ədəbiyyatın quruluşunu müəyyənləşdirməyə çalışırlar. Strukturalizm ədəbi tənqid metodu olaraq ədəbi əsəri dil sistemi üzərindən təhlil edirlər. Çünki sözə mənasını verən dil sistemidir və əsəri anlamağa çalışarkən ona “mənanı” verən struktura, yəni dil və dil sisteminə diqqət yetirmək lazımdır. Strukturistlər müəllifi mənanı müəyyən edən səlahiyyətli biri kimi qəbul etmirlər və əsərin yalnız bir mənasının ola biləcəyini də inkar edirlər. Sözlər kimi mətnlər də birdən çox mənaya malik ola bilərlər. 

Son olaraq, arxetip (mədəniyyətin, mənəvi həyatın dəyişməz modellərini formalaşdıran əsas, baza elementləri; nümunə, ilkin forma, örnək) tənqid mətni  povest, simvol, obraz və xarakter növlərində təkrarlanan mif və arxetiplərə diqqət yönəldərək təhlil edir. 20-ci əsrdə doğulmuş bu tənqid metodu mətnə ​​əsaslansa da, struktura diqqət yetirmir. Mətnə yönəlir, çünki qədim zamanlardan bəri insanların ruhuna səslənən arxetipləri mətndən çıxarmaq istəyir. Bu universal və ümumi arxetiplər sənət əsərlərində fərqli şəkildə təkrarlanır və günümüzə qədər gəlir. Arxetip tənqid metodu bu arxetiplərin mənşəyini qədim miflərdə və ibtidai ayinlərdə tapır. Bu metodun nümayəndələri ədəbiyyatdakı arxetiplərin hələ də qüvvədə olduğunu və insanlara dərin təsir göstərən bir gücə sahib olduğunu düşünürlər. Karl Qustav Yunq bu arxetiplərin hələ də insanların ortaq şüuraltlarında olduğunu və onlara dərin təsir etdiyini söyləyir.

Yuxarıda bəhs etdiyimiz ilk üç formalist cərəyan da ədəbiyyatı ədəbiyyat olaraq ələ almaq istəyir. Ancaq yeni kritizmin məqsədi əsərə dönməklə həmin əsərin içində gizli mənanı tapmaqdır. Rus formalistlər və strukturistlər, əksinə, tək bir mətni təhlil etməkdənsə, həmin mətnin digər mətnlərlə əlaqəsini araşdıraraq ədəbi ənənələri, qurulmuş nümunələrini, təkrar süjetləri və funksiyaları müəyyənləşdirməyə çalışırlar. Rus formalistləri ədəbiyyatın öyrənilməsinin özünəməxsus şəkildə, özündə ayrı və orijinal bir elm olduğuna inanırlar. Digər tərəfdən, strukturalistlər isə orijinal bir metod axtarmağa ehtiyac duymurlar, dil modelini nümunə götürməyə üstünlük verirlər. Son metodumuz isə başlanğıc məqsədini dəyişərək, müəllifin bilmədən istifadə etdiyi mifoloji dili anlamağa, arxetip xarekterləri, simvolları, süjet nümunələrini müəyyənləşdirərək əsərin dərin mənasını açmağa yönəldilər.

Yazar: Lithium.

Mənbə:

Moran, B. (1999). Edebiyat kuramları ve eleştiri.  Istanbul: Iletişim Yayınları

Seriyanın əvvəlki yazıları:

Ədəbi Tənqid 1 – https://goyqursagi.com/2020/05/06/%c9%99d%c9%99bi-t%c9%99nqid-1-%c9%99d%c9%99biyyatda-t%c9%99nqid-metodlari/

Ədəbi Tənqid 2 – https://goyqursagi.com/2020/05/25/%c9%99d%c9%99bi-t%c9%99nqid-2-xarici-dunya-v%c9%99-c%c9%99miyy%c9%99t-yonumlu-t%c9%99nqid/

Ədəbi Tənqid 3 – https://goyqursagi.com/2020/07/09/%c9%99d%c9%99bi-t%c9%99nqid-3-mu%c9%99llif-yonumlu-t%c9%99nqid/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: