İNCƏSƏNƏT TARİXİ XRONOLOGİYASI

İncəsənət ictimai şüurun formalarından biridir!

İncəsənət tarixinin əsası qədim sivilizasiyaların mədəni cəhətdən əhəmiyyətli mövzuları təsvir etmək üçün mövcud texnikalardan istifadə etdiyi on minlərlə il öncə qoyulmuşdur. Bu ilkin nümunələrdən bəri, hər biri meydana gəldikləri dövrün siyasi və sosial təsirlərini əks etdirən, fərqli üslub (stil) və xüsusiyyətləri özündə cəmləşdirən bir çox incəsənət cərəyanı (meyli) yaranmışdır.

İntibah (Renaissancce) dövründən Modernizmə (Modernism) qədər bu cərəyanlar tarixdə öz izlərini qoymuşdur.

Bu iki hissəli yazımızda incəsənət tarixində önə çıxmış hər dövrün xüsusiyyətləri, aparıcı nümayəndələri və vacib təsirləri haqqındakı  məlumatları bir araya toplamağa və xronoloji cəhətdən yanaşmağa çalışacağıq.

Bir-birinin ardınca başlayan möhtəşəm dövrləri analiz etmək üçün o zamanın tarixi hadisələrini bilmək və sosial-siyasi mühiti anlamaq lazımdır. Bu səbəbdən yazıda incəsənət dövr və cərəyanları haqqında məlumatla yanaşı,müvafiq tarixi hadisələri də qeyd etməyə çalışacağıq. 

Yazıda nümunələr incəsənətin rəssamlıq və heykəltəraşlıq qollarından verilmişdir.

  1. İbtidai dövr incəsənəti – Prehistoric Art (e.ə 30000 – e.ə. 2500)

İncəsənət tarixinin kökləri yazılı qeydlər aparılmazdan əvvələ – ibtidai dövrə dayanır. İnsanlar rəsm çəkməyi yazı yazmaqdan xeyli əvvəl öyrənmişdilər. Rəssamlıq ibtidai icma quruluşunda meydana çıxmışdır.

Ən qədim əsərlər Paleolit dövrünə (qədim daş dövrü) aid qaya oymaları,  xırda heykəllər və mağaraların divarlarına rənglə işlənən təsvirlərdir. Bu dövrdə artıq ilk daimi yaşayış yerlərində məskunlaşmalar başlamışdır. İlk incəsənət nümunələri bir sivilizasiyanın varlığını tənzimləyən əşyaların, heyvanların və ayinlərin təsvirlərini yaratmaq üçün təbii piqmentlər və daş oymalarından istifadə edərək yaradılmışdır. Bəs ibtidai insanı rəsm çəkməyə vadar edən nə idi? Buna müxtəlif yanaşmalar var. Belə ki, həm ətraf mühiti anlamaq və təsvir etmək istəyi, həm də anlamadığı bəzi qüvvələr qarşısında aciz qalan insanların təsvirlərə sehrkar məna verməsi idi. Ovçular ova çıxmazdan qabaq yerdə vəhşi heyvanın təsvirini cızır və həmin təsvirə səcdə edərlərmiş.

Ən məşhur nümunələrdən biri Fransadakı Laskau mağara (Lascaux Cave Painting) kompleksində aşkar edilmiş təsvirlərdir. 1940-ci ildə kəşf edilmiş bu rəsmlərin 20000 yaşa malik olduğu müəyyənləşdirilmişdir.

Laskau mağarası1

       Bu dövrə aid digər nümunələr qadın tanrıçaların heykəlləri – Villendorf Venerası (Venus of Willendorf – Təbiət Tarix müzeyi, Vyana) və meqalitik konstruksiyalardır – Kromlex-Stonhenc (Cromlech – Stonehenge).

Villendorf Venerası2
Kromlex-Stonhenc2

2.Qədim dövr incəsənəti – Ancient Art

Qədim incəsənət artıq müəyyən yazılı dilə sahib qabaqcıl sivilizasiyalar tərəfindən yaradılmışdır. Bu sivilizasiyalara Mesopotamiya, Misir və Yunanıstan daxildir.

Bu dövrdəki sənət əsərlərinin məğzi onu yaradan sivilizasiyalardan asılı olaraq dəyişsə də, əksək əsərlər oxşar məqsədlərə xidmət edir: hekayələr danışmaq, qablar və silahlar kimi yararlı əşyaları bəzəmək, dini və simvolik görüntülər təsvir etmək və sosial statusları nümayiş etdirmək. Bir çox əsərdə hökmdarların və tanrıların hekayələri təsvir edilmişdir. Qədim dövr incəsənətini aşağıdakı kimi qruplaşdıra bilərik.

2.1. Qədim Mesopotamiya incəsənəti – Mesopotamian Art (e.ə. 3500 – e.ə. 539)

Qədim Mesopotamiyanın mədəniyyətinin formalaşmasında şumerlərin yazını (e.ə. 3400) ixtira etməsinin və təkallahlığın (monotheism) ortaya çıxmasının təsiri vardır. Bu dövrə aid incəsənət nümunələrinə Ur ştandartları, Müharibə və sülh ştandartları  (Standard of Ur – Britaniya muzeyi, London) və Hammurapi qanunlarını (Code of Hammurabi – Luvr muzeyi, Paris) göstərmək olar.

Hammurapi qanunları e.ə. 1792-ci ildə yaradılmışdır. Bu əsər Babilin VI padşahı Hammurapi və Mesopotamiya tanrısı Şabaşın təsviri ilə bəzədilmiş Babil qanunlarını özündə əks etdirən daş oymasıdır.

Ur Ştandartları4
Hammurapi qanunları 5

2.2. Qədim Misir incəsənəti – Egyptian Art (e.ə. 3100 – e.ə. 30)

Bu dövrün inkişafı Narmerin Şimali və Cənubi Misiri birləşdirməsi ilə formalaşmağa başlamışdır. Axirət fokuslu sənət – piramidalar və məzarların rənglənməsi əsas xarakterik xüsusiyyətlərdən biri idi. İmhotep (Imhotep), Coser ehramı və ya pilləli piramida (Pyramid of Djoser or Step Pyramid), Böyük Piramidalar – Sfinks və Xeops ehramı (Great Pyramids), Nefertiti büstü (Bust of Nefertiti – Yeni muzey, Berlin) dövrün incəsənət baxışını ifadə edən əsas nümunələrdir.

Böyük Piramidalar6
Nefertiti büstü7

2.3. Qədim Yunan incəsənəti – Greek and Hellenistic Art (e.ə. 850 – e.ə. 31)

Yunan mədəniyyəti bir neçə inkişaf mərhələsi keçmişdir. Quldarlıq cəmiyyətinin yüksəlişi ilə əlaqədar olaraq incəsənətin bütün sahələrində realizm üstünlük təşkil etmişdir. Klassik memarlığın əsasını təşkil edən Dorik (Doric) və İonik (Ionic) orderlər də məhz bu zaman yaranır. Şəhər dövlətlərinin inkişafı ilə əlaqədar akropol stadion və ippodromlar, aqoralar və yaşayış məhəlləri salınır. Dövrün incəsənət nümunələri  tarazlıq və mükəmməl nisbətlərin ahəngdarlığı ilə xarakterizə olunur. Bu nümunələrə Parfenon (Parthenon – Afina məbədi) və  Mironun Lövhətullayanını (Discobolus of Myron – Milli Roma muzeyi, Roma) göstərmək olar.

Parfenon8
Mironun Lövhətullayanı9

2.4. Qədim Roma incəsənti – Roman  Art (e.ə. 500 – 476)

Roma incəsənətində  səmərəlilik və yığcamlıq əsas tələblərdən olduğu üçün memarlıqda mühəndis axtarışları və texniki kəşflər mühüm yer tutur. Bu dövrün təsiredici tarixi hadisələrinə Yuli Sezarın (Julius Sezar) öldürülməsi və Oktavian Avqustun (Augustus) imperator elan edilməsini göstərmək olar.  Tağlı körpülər, məbədlər, teatrlar və su kəmərləri Roma memarlığının ən tipik nümunələridir. Oktavian Avqust (Augustus of Primaporta – Vatikan muzeyləri (Braccio Nuovo), Vatikan), Romada yerləşən Kolizey (Colosseum), Trayan sütunu (Trajan’s Column) və Panteon binası (Pantheon) dövrün incəsənət nümunələrindəndir.

Oktavian Avqust10

Roma imperiyasının dağılması (476-cı il) ilə bir tərəfdən vəhşi qəbilələr, digər tərəfdən xristian kilsəsi xadimləri əsrlər boyu yaranmış antik sənət nümunələrini məhv edirlər. Yalnız intibah dövründə Qədim Yunan və Roma incəsətinə yenidən böyük maraq yaranır.

2.5. Hindistan, Çin və Yaponiya incəsənəti – Indian, Chinese, Japanese Art (e.ə. 653 – 1900)

Hindistan, Çin və Yaponiya incəsənəti meditasiya xarakteri daşıyır. Buddanın doğulması (e.ə. 563), buddizmin Hindistanın rəsmi dini elan olunması, Çinə (e.ə. II-II əsrlər) və Yaponiyaya yayılması (V əsr) bunun əsas səbəblərindən biridir. İpək Yolunun açılması (e.ə. I əsr) ilə mədəniyyətlər arası əlaqələr artmış və bir-birini istiqamətləndirmişdir. İpək üzərində rəsmlər dövrün incəsənət nümunələrindəndir.

İpək üzərində rəsm12

2.6. Bizans və İslami incəsənət – Byzanthine and Islamic (e.ə 476 – 1453)

Bizans incəsənəti V – XV əsrləri əhatə edir. Əsasən dini əhəmiyyət daşımışdır. Yustinianın Qərbi Roma İmperiyasını qismən bərpa etməsi ilə (533 – 562) bu yürüşlərə həsr olunmuş mozaikalar yaradılır, atlı heykəllər qoyulur. İstanbulda yerləşən Aya-Sofiya (Hagia Sophia) da bu dövrdə inşa edilmişdir.

Aya-Sofya məbədi13

610-cu ildə İslamın yaranması və müsəlmanların fəthləri (632 – 732) islam mədəniyyətini formalaşdırır. İspaniyada yerləşən Kordova məscidi (Mosque of Cordoba) və Əlhambra sarayı (Alhambra) əsas islami tikililərdəndir.

Kordova məscidi 14
Əlhambra Sarayı 15

3. Orta əsr incəsənəti – Middle age (Medieval Art) (500-1400)

“Qaranlıq əsrlər” adlandırılan orta əsrlər 476-ci ildə Roma imperiyasının süqutundan sonra iqtisadi mədəni tənəzzül dövrünü yaşadı. Orta əsrlər Səlib yürüşləri, Vikinq basqınları, Hastinqs döyüşü, yüzillik müharibələr və qara ölüm (qara taun) əhatəsində keçmişdir.

Dövrün ilk illərində yaradılmış sənət əsərlərinin əksəriyyəti qaranlıqları əks etdirir, qaranlıq görünüşlər və boğucu mənzərələr ilə səciyyələnir. Bu dövrün incəsənəti kilsənin ətrafında toplanmışdı. Birinci minillik keçdikcə daha inkişaf etmiş və diqqətlə bəzədilmiş kilsələr meydana çıxdı; pəncərələr və siluetlər müqəddəs kitab mövzuları və klassik mifologiyadan səhnələrlə bəzədilməyə başlandı.

Paris Notr-Dam Kilsəsi 16

Bu dövrdə kelt incəsənəti (Celtic art), Karolinq Renessansı (Carolingian Renaissance), roman (Romanesque art), qotik (Gothic art) kimi üslublar ortaya çıxmışdır.  Bu dövrün nüfuzlu sənət nümunələrinə Romadakı yeraltı türbələr, işıqlandırılmış əlyazmanın ən məşhur nümunələrindən olan Lindisfarne İncilləri və Qotik memarlığın görkəmli nümunəsi olan Parisdə yerləşən Notr-Dam kilsəsi (Notre-Dame de Paris)Şartr kilsəsi (Chartres) daxildir. Roman kilsələrdən fərqli olaraq, qotik kilsələrdə daha böyük pəncərələr qoyulur və bu da onlarda vitraj texnikası ilə rəngli şüşələrdən təsvirlər yığmağa imkan verirdi.

Şartr Kilsəsi17

4. İntibah (Renessans) – Renaissance (1400-1600)

Antik mədəniyyət ənənələrinin yenidən canlandığı tarixi mərhələyə intibah və yaxud Renessans (Renaissance – “rebirth” – yenidən doğulma) dövrü deyilir. Bu dövrün incəsənəti proqressiv ideyaların və insanpərvərliyin yayılmasına xidmət etmişdir. Bu sənət axımı təbiətə və fərdiliyə yönəlmiş insanın azad və özünə güvənən düşəncəsi ilə formalaşmışdır. Bu yanaşma orta əsrlər dövründən mövcud olsa da, dünyəvilik kimi sosial və iqtisadi dəyişikliklərə paralel olaraq 15-16-cı əsrlərdə çiçəkləndi. Renessans İtaliyanın Florensiya şəhərində inkişaf etməyə başlamışdır. Bu, incəsənət və humanizmi qətiyyətlə dəstəkləyən varlı bir tacir ailəsi olan Mediçilər ilə çox bağlıdır. Bəzi sənət tarixçiləri yüksək renessansın Osmanlı imperiyasının (II Mehmed) Konstantinopolu (İstanbul) fəth etməsiylə (1453) zirvəyə çatdığı qənaətindədir.

Kopernikin Dünyanın Günəşin ətrafında fırlandığını isbat etməsi (1492) və Kolumbun Yeni dünyanı kəşf etməsi (1543) renessans dövrünün əhəmiyyətli və istiqamətləndirici hadisələrdəndir.

İtalyan memar Filippo Brunelleski (Filippo Brunelleschi,  1377 – 1446) və heykəltəraş Donatello (1386 – 1466) bu dövrün əsas yenilikçilərindəndir. 1490-cı ildən 1527-ci ilə kimi davam edən Yüksək İntibah hər biri yaradıcı güc və emosional ifadə ideyalarına rəhbərlik edən Leonardo Da Vinçi (Da Vinci,1452 – 1519), Mikelancelo (Michelangelo,1475 – 1564) və Rafael (Raphael, 1483 – 1520) kimi nüfuzlu sənətkarlar yetişdirmişdir.

Da Vinci-Mona Liza (Luvr muzeyi)18
Mikelancalo-Adəmin yaranması (The Creation of Adam, Sikst Kapellası-Vatikan)19

İntibah dövründəki sənət əsərləri realizm, detallara diqqət edilməsi və insan anatomiyasının dəqiq öyrənilməsi ilə xarakterizə olunurdu. Rəssamlar işıqlandırma və kölgə salmaqla xətti perspektivdən istifadə edirdilər və dərinlik yaradırdılar. Portret və mənzərə janrları geniş vüsət almağa başlayırdı.

İncəsənət Yüksək İntibahdan bir müddət sonra xristian inancı və humanizm arasındakı toqquşmaların nəticəsi olaraq manyerizm sənət cərəyanın yaranması ilə stilistik olaraq dəyişməyə başlamışdır.

5. Manyerizm – Mannerism (1527-1580)

Manyerizm Mikelancelo, Rafaelvə digər son renessans sənətkarlarının ideallarından meydana çıxmışdır. Manyerizmin renessansa əks bir cərəyan olduğunu deyə bilərik. Belə ki, fiqurlar anatomik olaraq böyüyə bilər və əsərin dramatik görünüşünü gücləndirmək üçün deformasiyalara məruz qala bilərlər. Bunun nəticəsində intibah dövrünün öndə gələn sənətkarlarının istifadə etdiyi ahəngdar kompozisiyanın klassik tərkibinə və xətti perspektivə güvənmək əvəzinə daha mürəkkəb, stilizə edilmiş kompozisiyalar yarandı.

Corco Vazari (Giorgio Vasari, 1511 – 1574), Françesko Salviati (Francesco Salviati, 1510 – 1563), Domeniko Bekkafumi (Domenico Beccafumi, 1486 – 1551), El Qreko (El Greco, 1541 – 1614) və Bronzino (Bronzino, 1503 – 1572) ən məşhur manyerist sənətkarlardandır.

El Qreko – Qraf Orqasın dəfni (The Burial of the Count of Orgaz – Müqəddəs Tome kilsəsi, Toledo)20

6. Barokko – Baroque (1600-1750)

Manyerizmin ardınca gələn barok dövrü tarixə yüksək təsviri incəsənət və memarlıq nümunələri bəxş etdi. Dövr insan intellektinin genişlənməsinə və qlobal kəşfə olan maraqdan qaynaqlanan əzəmət və zənginlik ilə xarakterizə olunurdu. Barok sənətçiləri mürəkkəb stilə (tablolarında işıq-kölgə ziddiyətlərinə və rənglərin vəhdətinə) malik idilər.

Barok rəsmləri italyan rəssamı Karavacco (Caravaggio, 1571 -1610) və holland rəssamı Rembrandtın (Rembrandt, 1606 -1669) əsərlərində göründüyü kimi, dramatik xarakter daşıyırdı. Rəssamlar işıq və qaranlıq arasında sıx bir kontrastdan istifadə edirdilər və zəngin rəng palitrası ilə uyğunlaşan enerjili kompozisiyalar yaradırdılar.

Karavacco – Müqəddəs Metyunun çağırışı (The Calling of St Matthew – Müqəddəs Lui kilsəsi, Roma)21

7. Rokoko – Rococo (1699-1870)

İncəsənət tarixini araşdırarkən nəzərə alınmalı məqamlar var. İncəsənət cərəyanları yalnız estetik qayğılar səbəbindən meydana çıxmır. Barokko dövründə gəmiçilik texnologiyaları inkişaf etməyə başlamışdı ticarət gəmiləri daha uzun səyahətlər edə bilirdilər. Beləcə, Burjua adlandırılan sosial sinif yaranmışdır. O dövrdə kilsələrdən başqa Burjua da sənət alıcıları statusu qazanmışdı. Burjuaziyanın istəyi möhtəşəm evlər, divarlarına asa biləcəkləri öz portretləri və gündəlik həyat təsvirləri idi. Beləcə sənətkarlar dini mövzulardan uzaqlaşdılar, əvvəlcə mifoloji, sonra isə lirik və sevgi mövzularına müraciət etdilər. Bu dövrdə sənətçilər ilk dəfə təbiəti öyrənməyə başladılar. Belə ki, Rokoko cərəyanına kimi təbiət yalnız arxa bir fon olaraq istifadə edilirdi. Rokokoda təbiətin özü əsas mövzuya çevrildi.

Rokoko barokko cərəyanın coşğusu ilə müqayisədə daha yumşaq dekorativ sənət tərzidir. Təbii formaların, asimmetrik dizaynın və incə rənglərin istifadəsinə fokuslanmış bu cərəyan zəriflik ilə xarakterizə olunur. Bu cərəyanın ən məşhur nümayəndələri Antuan Vatto (Antoine Watteau, 1684 – 1721) və Fransua Buşe (Francois Boucher, 1703 – 1770) kimi rəssamlardır.

Antuan Vatto – The Embarkation for Cythera (Luvr muzey
i, Paris)22

Yazımızın ilk hissəsi rokoko cərəyanı ilə sonlanır. İkinci hissədə XVIII əsrdən bəri yaranmış cərəyanlar və nümayəndələri haqqında məlumat veriləcək.

Yazar : Wolfram

Editor 1 : Lithium

Editor 2: Disprozium

Ədəbiyyat siyahısı:

  1. History of the World in 1000 objects, Dorling Kindersley Limited, 2015, ISBN 978-1-4093-5466-6.
  2. https://www.invaluable.com/blog/art-history-timeline/
  3. https://www.dummies.com/education/art-appreciation/art-history-timeline/
  4. https://www.theartstory.org/movements/

Şəkillərə istinadlar:

  1. https://www.researchgate.net/profile/Fabiola_Bastian/publication/26578717/figure/fig1/AS:310115749122049@1450948765111/World-famous-prehistoric-paintings-of-the-Lascaux-Cave-Nov-2004-The-cave-has-been.png
  2. https://mymodernmet.com/wp/wp-content/uploads/2019/09/venus-of-willendorf-1-1.jpg
  3. https://medievalheritage.eu/wp-content/uploads/2018/07/kromlech-Stonehenge.jpg
  4. https://cdn.kastatic.org/ka-perseus-images/e30a821670aa2dcc9713767f7dc00b951bd09404.jpg
  5. https://www.historians.org/Images/Teaching%20and%20Learning/Teaching%20and%20Learning%20in%20Digital%20Age/Hammura1.jpg
  6. https://d.newsweek.com/en/full/813669/gettyimages-918637914.webp?w=737&f=d762f9193e0692ee9b2a72aac247e6ec
  7. https://cdn.britannica.com/18/110218-050-14BAD112/Nefertiti-limestone-bust-New-Museum-Berlin-1350-bce.jpg
  8. https://cdn.britannica.com/s:700×500/81/79581-050-71DF2D72/Parthenon-Athens-Greece.jpg
  9. https://cdn.britannica.com/s:700×500/23/2923-050-CA1F70C0/Discus-Thrower-Roman-marble-copy-bronze-Myron.jpg
  10. http://www.museivaticani.va/content/dam/museivaticani/immagini/collezioni/musei/braccio_nuovo/00_01_augusto_prima_porta_Dettaglio.jpg/jcr:content/renditions/cq5dam.web.1280.1280.jpeg
  11. https://cdn.britannica.com/s:700×500/36/162636-050-932C5D49/Colosseum-Rome-Italy.jpg
  12. http://farm4.static.flickr.com/3069/3557297521_e962f81923_m.jpg
  13. https://www.aljazeera.com/mritems/imagecache/mbdxxlarge/mritems/Images/2020/7/1/f0f7095ed1ff4e4c9f1926702fd2d7a5_18.jpg
  14. https://goyqurshaghi.files.wordpress.com/2020/07/95d8a-1vccfpukq60gpnk5xjhe46q.jpeg
  15. https://www.history.com/topics/landmarks/alhambra
  16. https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/af/Notre-Dame_de_Paris_2013-07-24.jpg/800px-Notre-Dame_de_Paris_2013-07-24.jpg
  17. https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/28/Notre_Dame_de_Chartres.jpg/270px-Notre_Dame_de_Chartres.jpg
  18. https://www.leonardodavinci.net/images/gallery/the-mona-lisa.jpg
  19. https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/5b/Michelangelo_-_Creation_of_Adam_%28cropped%29.jpg/300px-Michelangelo_-_Creation_of_Adam_%28cropped%29.jpg
  20. https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/ff/El_Greco_-_The_Burial_of_the_Count_of_Orgaz.JPG/800px-El_Greco_-_The_Burial_of_the_Count_of_Orgaz.JPG
  21. https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/48/The_Calling_of_Saint_Matthew-Caravaggo_%281599-1600%29.jpg/300px-The_Calling_of_Saint_Matthew-Caravaggo_%281599-1600%29.jpg
  22. https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/57/L%27Embarquement_pour_Cythere%2C_by_Antoine_Watteau%2C_from_C2RMF_retouched.jpg/350px-L%27Embarquement_pour_Cythere%2C_by_Antoine_Watteau%2C_from_C2RMF_retouched.jpg

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: