“Le Petit Prince” – Balaca şahzadə (II Hissə)

Antoine de Saint-Exupéry -nin 120 illiyinə həsr olunur.

“ Léon Werth-ə

Bütün uşaqlardan bu kitabı bir yetkin insana həsr etdiyim üçün üzr istəyirəm. Bunun üçün çox yaxşı üzrxahlığım var; bu yetkin insan mənim yer üzündə ən yaxın dostumdur. Mənim bir üzrxahlığım daha var; həmin yetkin insan hər şeyi başa düşür, hətta uşaq kitablarını da. Mənim hətta üçüncü bir üzrxahlığım da var; o, acından ölməyə və donmağa məhkum olduğu Fransada yaşayır. Onun təsəlliyə çox ehtiyacı var. Əgər bütün bu üzrxahlıqlar kifayət etmirsə, onda bu kitabı həmin yetkin insanın keçmişdəki uşaqlığına ithaf edirəm. Bütün böyüklər bir zamanlar uşaq olub, lakin bunu xatırlayanlar azdır.  Deməli, ithafımı düzəldirəm:

Uşaq vaxtlarındakı Léon Werth-ə “

“Yazmaq təcrübənin bəhrəsidir”− Antoine de Saint-Exupéry

Aristokrat, yazıçı və aviator

Antoine de Saint-Exupéry (Antuan de San-Ekzüperi) 29 iyun 1900-cü ildə Fransanın Lyon şəhərində aristokrat ailəsində anadan olmuşdur. Yazıçı kiçik yaşda ikən atasını itirir və ailəsi ilə birlikdə şərqə, qohumlarının qalasına köçür. Sirli çardaqlar və gözəl, ağaclı park ilə Antoine-ın özü üçün yaratdığı və uşaqlığının “gizli səltənət”i kimi təsvir etdiyi “gül və nağılların daxili dünyası” artıq keçmişdə qalmışdı. O, bütün həyatı boyunca həmin uşaqlıq illərinin həsrətini çəkdi. Yetkinlik yaşına gəldiyi vaxt yazırdı: “Həmin uşaqlıq xatirələrinin dünyası mənə həmişə ümidsizcə digərindən daha həqiqi gələcək.”

Yazıçı ümumilikdə qayğısız və imtiyazlı həyat sürmüşdür. Balaca Saint-Exupéry uşaqlarını sevən, dindar və sonsuz qayğıkeş anaları — Marie ərköyün böyütmüşdü. Uşaqlar intizamsız davranışları ilə qonşular arasında bədnam olmuşdular. Ən dəcəlləri isə balaca kürən qıvrım saçlı Antoine idi. 

O, oxumağı çox sevirdi; Jules Verne (Jül Vern)  və Hans Christian Andersen-in (Hans Kristian Andersen) əsərlərinə xüsusi maraq göstərirdi. Beləliklə, erkən yaşlarda yazmağa başlayan balaca Antoine bacı-qardaşlarını gecələr oyadıb analarının otağına aparır, son yazdığı inşanı onlara oxuyurdu. Bu adəti ömrünün digər mərhələlərində də davam etdi. Gecə saat üçdə dostlarına zəng edərkən də, müharibə vaxtı Şimali Afrikada məşuqəsinə (yazmağa davam etdiyi 500 səhifəlik işini oxuya biləcək qədər oyaq qalsın deyə) Benzedrine (Amfetamin -neyrostimulant) içirəndə də fərqli düşünmürdü.

Balaca Saint-Exupéry-lər. Yazıçı şəkildə sağdan ikincidir.”4Ioannis and Angelos Mansolas)

Təbii olaraq, yetkin qohumları Saint-Exupéry uşaqlarının dəhşətli dərəcədə ərköyün olduqlarını düşünür və arada bir, onlara düşkün olan analarının təmin edə bilmədiyi intizam yaratmaq üçün əllərindən gələni edirdilər. Stacy Schiff-in (Steysi Şiff) (yazıçının bioqrafiya kitabının müəllifi, amerikalı yazıçı və redaktor) fikrincə, “Balaca şahzadə” əsərində rəvayətçinin böyüklərin dünyasına qarşı bəslədiyi ikrah hissinin kökündə, məhz bu xala və dayıların qınayan münasibəti (davranışları) durur. “Mən böyüklərin arasında yaşamışam”, dedi. “Onları çox yaxından görmüşəm. Bu mənim fikrimi çox da dəyişməyib.” Madam de Saint-Exupéry bir istisna idi; oğlu onu zərifliyin təzahürü olaraq görürdü. “O, bu şiddətli ana sevgisini getdiyi hər yerə bir növ plaş kimi geyinirdi, yaşlandıqca daha da bürünürdü,” –deyə Schiff qeyd edir.

1912-ci ildə ilk dəfə təyyarəyə minən gənc bu təcrübədən olduqca təsirlənir. Çox da çalışqan olmayan Exupéry “École Navale”-ın (fransız Hərbi Dəniz Akademiyası) qəbul imtahanından kəsilir, nəticədə bir neçə ay “École des Beaux-Arts”-da (İncəsənət ali məktəbi) memarlıq təhsili alır. Maddi ehtiyacını anasından borc aldığı pulla ödəyir, tez-tez ailəsinin adının gətirdiyi imtiyazdan istifadə edərək, böyük evlərdə qonaqlıqlara gedir və özünü orda doyururdu. Dəvətsiz qatıldığı qonaqlıqlardan birində “Stratford-on-Odéon”-da (Parisin l´odeon küçəsində (rue de l’Odéon)yerləşən, əsası məşhur yazıçı və naşir Adrienne Monnier (Adriyen Monye) və Sylvia Beach (Silviya Biç)tərəfindən qoyulmuş “Shakespeare and Company” kitab mağazasını James Joyce (Ceyms Coys) belə adlandırırdı.) özü kimi uğura çox yaxın gənc Hemingway-lə (Heminquey) tanış olur. Həmin dövrdə gənc yazıçı Fransada “Günəş də qalxır” (“The Sun Also Rises”) qısa hekayəsi ilə tanınmağa başlayırdı. İngilis dilini bilməyən Exupéry-nin fantastikaya marağı 20 yaşlarının ortasında əhəmiyyətli dərəcə azalmışdı. Lakin səbirsizliyi onu yazıçıların ixtisas yönümlü söhbətlərindən xilas edə bilmirdi. O, özünü bu mühitə aid hiss etmirdi. Həmin dövrdə Ernest Hemingway, F. Scott Fitzgerald, Ezra Pound, James Joyce kimi ədəbiyyatçılar “Paris beynəlxalq ədəbi cəmiyyəti”nin əsas simaları hesab olunurdu. Bu yazıçılar “Stratford-on-Odéon” dünyasının      ayrılmaz hissəsi idilər. Lakin Exupéry, məşhurlaşdıqdan sonra belə, bu dünyanın bir parçası olmağı qəbul etmirdi. Həmişə hərəkət sevən yazıçı kiçik dünyalara nifrət edirdi, bu səbəbdən də “super-gratin littéraire” (o dövrdə məşhur ədəbiyyatçıların əsərlərini çap edən nəşriyyat şirkəti) şirkətinin qapalı dünyasında ziyalı olmaqdansa, aviator həmkarları, naşiri− Gaston Gallimard və bir neçə fransız yazıçı ilə zaman keçirməyi daha üstün tuturdu. Parisdə yaşadığı müddətdə iş və sosial həyatını kafelər arasında keçirən Saint-Exupéry gününü əlində siqaret, qucağında içkisi, kağız parçası ilə müharibə vəziyyətində bitirirdi.

“Yazıçı və Aviator −Saint-Exupéry”5

 O, 1921-ci ildə Fransa hərbi hava qüvvələrindən çağrılır və Strasburqda təlimlərə başlayır. Bir il sonra artıq hərbi pilot olaraq ixtisaslaşır. Saint-Exupéry öz pilotluq təcrübələrindən ilhamlanaraq hekayələr yazmağa başlayır, “Aviator” adlı əsərini 1926-cı ildə nəşr etdirir. Yazıçının lirik və axıcı dillə yazdığı əsərlərində sadə nəciblik hiss olunurdu. Bundan sonra o, həmişə iki peşə ilə xatırlanır. Yazıçı möhtəşəm yazıları və ədəbi araşdırmalarına bəzən elə qapılırdı ki, hətta, uçuş zamanı da yazmağa davam edirdi.  Yalnız hərbi kəşfiyyat uçuşlarında uçuş anına qədər yazır, sonrasında yazmağa fasilə edirdi.  O, artıq uçuş zamanı yazmaqda və oxumaqda ustalaşmışdı. Dizinin üzərində açıq kitabla uçduğuna görə, yerdəki komanda heyəti onun çətin bir şeylə qarşılacağı və missiyasının tezliklə başa çatacağından narahat idilər. Uçuşlardan birində, oxuduğu romanı bitirmək üçün Tunis hava limanı üstündə 1 saat dövrə vurması, həmkarlarını təşvişə salmışdı. Saint-Exupéry adətən solo səfərlərində cızıqlı (uçuş vaxtı düz yaza bilsin deyə) dəftərini yanından ayırmırdı. Bəzi fəlsəfi əsərləri də ideal axtarışında ikən, ayağının altındakı dünyanı nağıl və hekayələrlə əks etdirə bildiyi həmin dövrlərdə meydana gəlmişdir.

Həmin ildə Compagnie Latécoère şirkətinə (hava poçtu şirkətidir) qoşulan Saint-Exupéry şimal-qərbi Afrika üzərindən, cənubi Atlantik və cənubi Amerika istiqamətlərində hava poçtunun inkişafına kömək edir. Cəsur və intizamsız Saint-Exupéry üçün hava poçtunda pilotluq qədər uyğun başqa peşə ola bilməzdi.  İş təhlükəli olmaqla bərabər, ciddi şəxsi intizam və mütəmadi tənhalıq tələb edirdi. Kokpitdə tənha keçirilmiş saatlar yazıçının kitablarında öz geniş təsvirini tapır. Saint-Exupéry pilotluq sənətini Tuluzdan Kasablanka və Dakara qədər qum qasırğaları, qar və şiddətli küləyin mərhəməti ilə dağ aşırımlarını aşağıdan uçaraq keçmək, xırda təyyarələri kəklik sanıb vuran Moorish tayfalarının yaşadığı səhranı qarış-qarış ötmək kimi xatırlayır. Öz dövrünün güvənilən hava gəmisi olmasına baxmayaraq, taxta pərli, açıq kokpitli və 400 mil dərinlikdəki quyu genişliyində olan “Breguet 14” (fransız hərbi təyyarə növü)  hazırkı standartlara görə olduqca kövrək idi; radiosu, yavaşlatma mexanizmi, mürəkkəb alətlər və nəhayət, əyləc sistemi belə yox idi. O dövrlərdə, təyyarələr tez-tez xarab olur, yaxud da qəzaya düşür və təyyarəçilər yerli tayfalar tərəfindən tutulur və həftələrlə əsir qalırdılar. Xəritələr cızma-qara idi və pilotlar bir sıra ağac, ferma, tarla və ya çay kimi işarələri izləyərək yollarını tapırdılar. Şiddətli yağış, sis və ya sadəcə qaranlıqda yolu itirmək olduqca asan idi və hava proqnozları çox vaxt ölümcül dərəcədə güvənilməz ola bilirdi. Bir il sonra Saint-Exupéry, ehtimal ki, dünyanın ən tənha hava zolağı olan Qərbi Saharada Cape Juby hava sahəsinin rəisi təyin olunur. O, heç vaxt bundan daha xoşbəxt olmamışdı. “Mənim tənhalığa çox ehtiyacım var, eyni iyirmi nəfər arasında 15 gün yaşadıqda boğuluram.” – deyə qeyd edirdi, yazıçı. O, Saharadakı genişliyi və sakitliyi sevirdi:

“Yerli tayfalar çəkildikdən sonra, axşam düşəndə çökən həzin səssizlik var. Günorta günəş bütün düşüncə və hərəkətləri yavaşladanda çökən səssizlik var. Bir də, şimal küləyi sakitləşəndə, şərqdən gələn qum fırtınasından xəbər verən, daxili vahələrdən (oazis) çiçək tozcuqları kimi yayılan böcəklərin gətirdiyi yalançı səssizlik var.”

Cape Juby-dən sonra Saint-Exupéry yeni açılan Buenos-Ayresi Rio, Pataqoniya və Paraqvayla birləşdirən yeni poçt istiqamətlərində iştirak etmək üçün Cənubi Amerikaya təyin olunur. Burada şiddətli qasırğalar və And dağlarının səssizliyində Afrika səhralarındakı qədər güclü romantizm tapdı.  Ömrünün geri qalan hissəsində, o, həmişə Pataqoniya, buzlaqlar və hindular, “Tierra del Fuego”-dakı “yatanda buzda yox olan, lakin donmuş nəfəsləri havada yüzlərlə xırda ocaq kimi görünən” qoyunlar haqqındakı xatirələrindən danışırdı.  Bütün cəsarətinə və macəra axtarışına baxmayaraq, Saint-Exupéry həmişə biraz uşaq qaldı. İstər gerçək həyatda, istərsə də yazılarında mütəmadi olaraq uşaqlığına geri qayıdırdı. Yuxarı mərtəbələrin pəncərəsindən su topları atmağın əyləncəli olduğunu düşünən yazıçının ən sevimli oyunu isə, piano dilləri üzərində portağal yuvarlatmaq idi. Yazıçı, həmçinin, söz oyunları və kart hiylələrində çox peşəkar idi. Bundan başqa o, ağcaqayın toxumlarından və saç sancağından miniatür helikopterlər düzəltməkdə də usta idi. Adətən, məktublarını “heç bir fikrim yoxdur” ya da “20-ci əsr” başlıqlı, özünün yataqda və ya diş ağrısı çəkən vəziyyətdəki kiçik illüstrasiyaları ilə bəzəyirdi. Bir dəfə, 3 hissəli uçuş səfərini çəkən yazıçı, sonuncu hissədə qara qalın kvadrat çəkir. Bu rəsmin başlığına isə “çünki gecə idi” yazır. Amerikalı naşirindən paraqrafı gec oxuduğu üçün üzr istədiyi başqa bir dəfə də, qoruyucu mələyinin gəldiyi və onunla söhbət etmək üçün qaldığını səbəb göstərir.

Qadınlara gəldikdə, Saint-Exupéry, öz etiqad dünyasına uyğun insanlara aşiq olurdu. İlk ciddi məhəbbəti, kiçik yazıçı və “femme fatale” Louise de Vilmorin idi. Onun kimi Louise də, “cazibədar bağ uşaqlığı” üçün dərin nostalji hissləri bəsləyirdi. Anasının “Rue de la Chaise”də (Parisdə küçə adıdır) yerləşən evində o, öz hekayələrini danışdı, Antoine sonetlərini oxudu və birlikdə pəri nağıllarındakı şahzadələri oynadılar. Lakin bütün işvəli qəmzələrinə və başqa dünyadan gəlmiş biri təəsüratı yaratmasına baxmayaraq, Loulou qərarlı fransız qadını idi və evlilik məsələsi ortaya çıxdıqda Exupéry-nin var-dövlət sahibi olmaması ən üst mərtəbədəki otağında birlikdə qurduqları xəyalları asanlıqla üstələdi.

1931-ci ildə nəhayət Saint-Exupéry nəhayət həyat yoldaşını, ilk baxışdan mükəmməl görünən Consuelo Gómez Carillonu (Kansuela Qomez Kariyo) (keçmiş ərinin soyadını daşıyırdı) tapdı. O, kiçik, sevimli və şıltaq idi. Onları birlikdə görən bir dostları cütlüyü iri oyuncaq ayıya qonmuş quşa bənzədir. Bir dəfə haralı olduğu soruşulanda, gənc qadın “mən səmadan enmişəm, ulduzlar da bacılarımdır.” – deyə cavab verir. Əri bu cür hadisələri valehedici hesab edirdi, lakin onun daha az cəlbedici başqa xüsusiyyətləri də var idi.  Consuelo ərinin həm yazıçı, həm də  aviator kimi uğurlarını dəhşətli dərəcədə qısqanan, inanılmaz dərəcədə müsrif və epik mifomanyak biri idi.  Dəfələrlə mübahisə edib ayrılsalar da, Consuelo-sız yaşaya bilməyən Antoine həmişə geri qayıdırdı.

“Antoine və xanımı, Consuelo de Saint-Exupéry” 4(© The New Yorker)

1931-ci ildə “Gecə uçuşu” əsərini çap etdirdikdən sonra, Exupéry-nin ticari pilot olaraq fəaliyyəti bitir. “Latécoère”in yenilikçi genişləndirilməsinə baxmayaraq, ixtisara gedilməsi də labüd hal almışdı. 1933-cü ilin avqustundan etibarən, artıq sərbəst hava şirkətləri mövcud deyildi; onların hamısı “Air Fraince”-ın tərkibinə daxil olmuşdu. Saint-Exupéry artıq ulduz idi. Pulla bağlı ümidsizcə məsuliyyətsiz olmasına baxmayaraq və demək olar ki, həmişə çətinliklə üzləşsə də, jurnalistikadan və yeni yaradılan milli aviaşirkət üçün təbliğat işlərindən kifayət qədər gəlir əldə edirdi. Fransa üçün xoş niyyətli bir missiya üzərinə 1938-ci ildə Nyu-Yorkdan Nikaraquaya rekord bir uçuş etmək üçün ABŞ-a getdi. Bu cəhd canlı olaraq xilas olduğu, lakin olduqca pis xəsarət aldığı, Qvatemala şəhərində vaxtından əvvəl qəza enişi ilə nəticələndi.

1940-cı ildə, Exupéry  Fransanın müharibə səylərini təbliğ etmək niyyəti ilə dörd həftəlik Nyu-Yorka qayıdır. Nəticədə süquta uğramaqda olan Fransada özünə uyğun vəzifə tapa bilməyən yazıçı iki il ərzində Nyu-Yorkda qalmağa davam edir. Bu, ömrünün ən acınacaqlı dövrü idi. Təcrid olunmuş və xəstə idi, ingilis dilini öyrənməkdən imtina edirdi. Uzun illərdir davam edən fiziki zədələr və laqeydliyin nəticəsi olaraq hərarət onu əldən salmışdı. Əməliyyatdan sonra ziyarətə gələn bir dostu, onu qaranlıq otaqda, yatağının ucunda Hans Christian Andersen-in nağıl kitabı ilə sakit və məyus halda görür. Bu müddətdə Saint-Exupéry  qadınlarda təsəlli tapmağa çalışır. Bəzi kiçik eşq macəraları yaşasa da, əslində, daha dərin münasibətlər axtarışında idi. Gənc qadın dostlarından biri−Silvia (Hamilton) Reinhardt-ı (Silviya Hemilton Raynhart) demək olar ki, bir il boyunca hər gün ziyarət edir. Görünür, qadının fransızca, yazıçının isə ingiliscə bilməməsi bu dostluğa maneə törətməmişdir. Schiff-in qeydlərinə görə, gecənin bir vaxtı gələn Saint-Exupéry qadının yataq otağındakı kresloya oturur, gözündən yaşlar süzülərək öz son yarımçıq işindən biraz oxuyurdu. Bu sırada, heç bir söz başa düşməyən Silvia döşəmədə yarı yuxulu uzanırdı.

Bütün bu müddət ərzində Exupéry Avropaya qayıtmaq və müharibədə aktiv iştirak etmək üçün yanıb-tutuşurdu. Nəyahət, 1943-cü ildə o, Amerikanı tərk edərək Əlcəzairdəki fransız eskadrasına qoşuldu. Şübhəsiz ki, o ən təcrübəli və ən səs-küylü eskadra üzvü idi; yoldaşları onunla fəxr edir, komandirləri isə onu Şimali Afrikada əmrə ən çətin tabe olan şəxs hesab edirdilər. Texniki olaraq, o çox qoca idi. Təbii ki, gümrah da deyildi, lakin Saint-Exupéry uçmaq üçün təkid edirdi. Keçmişdən qalan ağrılarını azaltmaq üçün çox içirdi və kimsə ona mütləq kömək etməli idi. Çəkmələrinin bağını əyilə bilmədiyi üçün bağlaya bilmirdi, başqa biri tərəfindən kokpitə yerləşdirilməli və ordan çıxarılmalı olurdu. Köməyə möhtac idi və bunu özü də bilirdi. Dəfələrlə yeni təyyarələri zədələməsinə baxmayaraq, onun uçuş statusunu bərpa etmək, hiddətli yalvarışlarına qarşı gəlməkdən daha asan görünürdü.

1944-cü ilin may ayında, Saint-Exupéry Sardiniyaya göndərildi və qısa müddət sonra Fransanın cənubunda kəşfiyyat uçuşu zamanı yoxa çıxdı. Müharibə bitdikdən sonra o, qəhrəman elan edildi. Onun cəsur ölümü 1943-cü ildə ABŞ-da yazdığı son əsəri “Balaca şahzadə”nin söhrətinin daha da artmasına gətirib çıxardı.

Qeyd: 2018-ci ildə Sinqapurda baş tutan “The Little Prince: Behind the story” (“Balaca şahzadə” – hekayənin pərdəarxası) sərgisini virtual gəzmək üçün aşağıda linki klikləyin.

https://www.nhb.gov.sg/spm/vr/TheLittlePrince/index.html

Yazar: Neon

Editor: Disprozium

Istifadə olunan ədəbiyyat:

https://www.biography.com/writer/antoine-de-Saint-Exupéryupery

https://www.britannica.com/biography/Antoine-de-Saint-Exupéryupery

https://www.newyorker.com/magazine/1994/12/05/lost-in-the-stars

https://en.wikipedia.org/wiki/L%C3%A9on_Werth

https://en.wikipedia.org/wiki/The_Little_Prince

https://www.biography.com/news/the-little-prince-antoine-de-Saint-Exupéryupery-facts

Şəkil Mənbə:

  1. http://www.artnet.com/artists/antoine-de-saint-exupery/antoine-de-saint-exup%C3%A9ry-RanUXoGef6lVyYwd3BuZiQ2
  2. https://segundoenfoque.com/antoine-de-saint-exupery-cumpliria-116-anos-2016-06-30
  3. https://www.journaldemontreal.com/2014/01/23/le-petit-prince-une-histoire-new-yorkaise

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: