PİQMALİON EFFEKTİ

Piqmalion effekti və ya Rozental effekti kiməsə və ya nəyəsə olan gözləntilərimizin baş verəcək hadisələrə təsir edərək reallığa dönüşməsi hadisəsidir. Gəlin, daha aydın izah etmədən öncə effektin adının haradan gəldiyinə qısaca nəzər salaq.

Antik dövrdə yunan heykəltəraşı Piqmalion çox gözəl qadın heykəli yaradır. Heykəl o qədər gözəl olur ki, Piqmalion hətta ona vurulur. Və daha sonralar eşq ilahəsi Afroditadan həmin heykəli canlandırmasını dəfələrlə diləyir. Afrodita da onun diləyini qəbul edir və heykəl canlı insana çevrilir.  Piqmalionun inam və ehtiraslı arzusu onu istəyinin gerçəkləşməsinə, arzunun həyata keçməsinə kömək edir. Ümidlərin yerinə yetməsi ilə müşahidə olunan psixoloji fenomenin əsasında Piqmalion effekti dayanır.

İndi isə Piqmalion effektinin ilk dəfə eksperimental olaraq sübut olunmasına gətirib çıxaran hadisəyə baxaq.

20-ci əsrdə sonradan ağıllı Hans deyə adlandırılacaq bir at yaşamışdır. Bu at Almaniyada liseydə riyaziyyat müəllimi kimi işləyən Vilhelm von Ostenin atı idi.  Vilhelm von Osten iddia edirdi ki, Hans bütün toplama, çıxma, vurma, bölmə əməllərini düzgün yerinə yetirə bilir. Hətta nəinki riyaziyyat, Osten deyirdi ki,ona saatı, oxumağı və alman dilini belə öyrədib. Və dedikləri öz təsdiqini tapırdı. Hans həqiqiətən də Ostenin soruşduğu riyazi əməllərə düz cavab verirdi. Bu səbəblə onun sanı tez bir zamanda digər ölkələrdə də yayıldı.

Elm adamları isə təbii ki, bunun real olduğuna inanmırdı. Elə bu səbəblə də Hans komissiyası qurulur, lakin Hansın tamaşalarında heç bir hilə olmadığı da tez bir zamanda üzə çıxır. Bundan sonra Hans hadisəsi ilə fizioloq Oskar Pfungst məşğul olur və onu incələyir. Bu zaman o, qeyri-adi bir hal ilə rastlaşır. Hans və sual soruşan arasında pərdə olduqda o, heç bir cavabı tapa bilmir və o sadəcə sualı soruşan şəxs cavabı biləndə düzgün cavab verir.

Şəkil 1. Vilhem von Ostenin məqalədə bəhs edilən Hans atı ilə bərabər şəkli

Bununla artıq o əmin olur ki, Hans realda heç bir üstün zəkaya sahib deyil. Hans çox yaxşı bədən dili oxuma qabiliyyətinə sahib idi. Sahibi riyazi sual soruşanda at ayağı ilə yerə vururdu və düzgün cavaba yaxınlaşanda sahibinin üzündəki və ya bədənindəki hər hansı bir dəyişikliyi hiss edə bilirdi. Daha sonra psixologiyada bu hadisəyə ağıllı ‘Hans təsiri’ adı verildi.  Sonralar bu təsirin müşahidə edən şəxsin hadisələr haqqındakı gözləntisinin nəticəyə təsiri mövzusunda vacib rolu olur.

Bu hadisə haqqında araşdırmaları oxuduqdan sonra 1968-ci ildə Robert Rozental və Leanor Yakobson  Piqmalion effekti üzrə araşdırmalara başlayır. Təhsil ilinin əvvəlində alimlər San Fransiskoda bir məktəbə araşdırma məqsədi ilə gəlirlər. Araşdırmaları əslində çox bəsit idi. İlin əvvəli bütün şagirdlərə IQ testi edib onların intellekt səviyyələrini ölçürlər və daha sonra bu nəticələri müəllimlərlə bölüşürlər. Lakin məsələnin maraqlı tərəfi elə burasındadır ki, onlar tamamilə səhv nəticələri müəllimlərə göstərirlər. Təsadüfi seçim edərək intellekt səviyyəsi orta səviyyədə olan şagirdləri yüksək IQ-lü kimi qələmə verirlər.

Bundan sonrakı bütün tədris ili boyunca müəllimlərdə məhz seçilmiş şagirdlərin üstün zəkalı olduğu təəssüratı yaranır. Əslində isə sinifdəki şagirdlər arasındakı tək fərq sadəcə müəllimlərinin onlardan olan gözləntilərində idi. Nəhayət, tədris ilinin sonunda Rozental və Yakobson araşdırmalarının nəticələrinə baxmaq üçün yenidən məktəbə gəlirlər. Şagirdlərin intellektini yoxlamaq üçün yenidən sınaq keçirirlər. Və təsadüfən seçmiş olduqları bir qrup şagirdin intellekt səviyyəsində digər şagirdlərə nəzərən ciddi artım müşahidə edirlər. Şagirdlər özlərinin əvvəlki illərdə göstərdikləri nəticələrdən də qat-qat yaxşı nəticə əldə etmişdilər.

Belə ki, müəllimlər ciddi şəkildə seçilmiş şagirdərin həqiqətən də yüksək zəkaya sahib olduqlarına inanmışdılar. Buna görə də onlara fərqli rəftar, qayğı və maraqla yanaşırdılar və daha çox zaman ayırmaqla yanaşı onlara qarşı daha təmkinli və konstruktiv olurdular. Beləliklə, şüuraltı da olsa öz gözləntilərini həmin şagirdlərə ötürə bilmişdilər. Şagirdlər də bu gözləntilərdən həvəslənərək daha istək və əzmlə çalışaraq uğur əldə etmişdilər.

Bu və bu tipli digər eksperimentlərdən gəlinən nəticə odur ki, inandığımız və ya doğru olduğunu düşündüyümüz şeylər nəticəyə təsir edir. Yəni insanlar bir-birlərinin uğur əldə edəcəklərinə inanaraq, gözləntiləri yüksək tutaraq bir-birlərinin müvəffəqiyyətli olmasında güclü motivasiya mənbəyi ola bilir.

Son olaraq isə məqaləmizi Karl Saqanın bir sitatı ilə bitirmək istəyirik:

“The visions we offer our children shape the future. It matters what those visions are. Often they become self-fulfilling prophecies. Dreams are maps.”

İstifadə olunmuş təsvirlərin mənbələri:

https://www.britannica.com/topic/Clever-Hans

https://kayzen.az/blog/psixologiya/21639/piqmalion-effekti.html#cut

Mənbə:

https://kayzen.az/blog/psixologiya/21639/piqmalion-effekti.html#cut

Yazar: Natrium

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: