“Le Petit Prince” – Balaca şahzadə (I Hissə)

Antoine de Saint-Exupéry -nin 120 illiyinə həsr olunur.

“ Léon Werth-ə

Bütün uşaqlardan bu kitabı bir yetkin insana həsr etdiyim üçün üzr istəyirəm. Bunun üçün çox yaxşı üzrxahlığım var; bu yetkin insan mənim yer üzündə ən yaxın dostumdur. Mənim bir üzrxahlığım daha var; həmin yetkin insan hər şeyi başa düşür, hətta uşaq kitablarını da. Mənim hətta üçüncü bir üzrxahlığım da var; o, acından ölməyə və donmağa məhkum olduğu Fransada yaşayır. Onun təsəlliyə çox ehtiyacı var. Əgər bütün bu üzrxahlıqlar kifayət etmirsə, onda bu kitabı həmin yetkin insanın keçmişdəki uşaqlığına ithaf edirəm. Bütün böyüklər bir zamanlar uşaq olub, lakin bunu xatırlayanlar azdır.  Deməli, ithafımı düzəldirəm:

Uşaq vaxtlarındakı Léon Werth-ə “

Balaca şəhzadə 1943-cü ildə çap olunmuş nağıl kitabıdır. Əsərin müəllifi fransız aristokrat, yazıçı və təyyarəçi  Antoine de Saint-Exupéry-dir. Kitab ilk dəfə ABŞ-da ingilis və fransız dillərində çap olunmuşdur. Həmin dövrdə Saint-Exupéry-nin siyasi mövqeyi ilə əlaqədar olaraq, Vichy rejiminin hökm sürdüyü Fransada kitabın çapı qadağan olunmuşdu. Bu, yalnız yazıçının ölümündən sonra, Fransa müstəqilliyini əldə etdiyi zaman dəyişdi. Hekayə fəzada, Yer də daxil olmaqla müxtəlif planetlərə səfər edən və tənhalıq, dostluq, sevgi və itki hisslərini ələ alan gənc şahzadədən bəhs edir. Uşaq kitabı tərzində yazılmasına baxmayaraq, balaca şahzadənin həyat və insan təbiəti haqqında əhəmiyyətli müşahidələri vardır.

Balaca şahzadə Exupéry-nin ən uğurlu işi olmaqla, dünyada 140 milyon nüsxədən çox satılmışdır. Rəsmi olaraq 400 dilə və ya dialektə (bunlardan ən məşhuru, Bavariya ləhcəsinə tərcümədir “Da gloane Prinz”) tərcümə olunaraq, statistikaya görə “İncil”dən sonra  ən çox dilə tərcümə olunan kitab hesab olunur. Əsər audio yazılar, radio tamaşalar, teatr tamaşaları, film, televiziya, opera, balet kimi bir çox müxtəlif incəsənət və media növlərinə adaptasiya olunmuşdur. Bundan başqa, Fransa və Kanadada olmaqla 2 məktəb, Braziliyada bir prospekt (“Avenida Pequeno Príncipe” – portuqalca, balaca şahzadə xiyabanı, yazıçının hava poçtunda işlədiyi müddətdə oradan keçməsi milli şənlik halını almışdı), İsraildə bir oyun parkı, nəhayət, kiçik asteroid ay “Balaca şahzadə”nin adını daşıyır. Bütün bu adaptasiyalara və şan-şöhrətə baxmayaraq, hələ də, bu sevimli hekayənin arxasındakı sirr pərdəsi aradan qalxmayıb. “Balaca şahzadə”nin 1943-cü ildə ilk dəfə çap olunmasının ardından bir il keçməmiş, əsərin müəllifi havada qeyb oldu. Antoine de Saint-Exupérynin başına nə gəldiyi hələ də məchuldur.

“Yazıçının uğursuz səfərinə çıxarkən çəkilmiş son şəkli.”1

Balaca Şahzadənin böyüklərin unutduğu kiçik dünyası.

Qısa məzmunu.

Saharada qəza enişi edən pilot ümidsizcə bu vəziyyətdən necə xilas olacağını düşünür. Qeybdən balaca bir insan peyda olur və ondan qoyun çəkməsini xahiş edir. Söhbət əsnasında balacanın şahzadə olduğu məlum olur. Əslində, şahzadə başqa planetdən gəlibmiş və onun planeti o qədər balaca imiş ki, yabanı  bitən baobab ağacları onu məhv edə bilərmiş. Balaca şahzadənin öz planetində qızılgülü var imiş. Şahzadəmiz onu sevir və baobab ağaclarından qorumağa çalışırmış, lakin gülün dikbaşlığı onu tükəndirib. Beləliklə, balaca şahzadə öz asteroidindən başqa yerləri də kəşf etmək üçün dünya səyahətinə çıxıb. O, ümumilikdə 7 planetə səyahət edib və gördükləri onu elə dəhşətə salıb ki, sonda öz qızılgülünə geri dönməyi qərara alıb.

“111 kral… 7000 coğrafiyaşünas, 900.000 biznesmen, 7.500.000 əyyaş, 311.000.000 lovğa adam; bu isə təqribən 2.000.000.000 yetkin insan deməkdir.”

Nağılda qeyd olunan obraz və hekayələrin arxasında gizlənən həqiqət.

            SƏHRA – “Nə?! Sən göydən düşmüsən?”

Balaca şahzadənin rəvayətçi pilota verdiyi ilk sual belə olmuşduSaint-Exupéry-nin göydən düşməklə əlaqəli təbii ki, təcrübəsi var idi. Yazıçıhəmin qəza haqqında 1939-cu ildə nəşr etdirdiyi “Külək, qum və ulduzlar” (Terre des hommes) əsərində daha ətraflı yazır; 1935-ci il 30 dekabr tarixi, saat gecə 2:45 radələrində köməkçi pilot André Prévot (Andre Prevo) ilə birlikdə 19 saat 44 dəqiqəlik uçuşdan sonra Saharada (Böyük səhra) qəzaya düşürlər. Pilotlar Paris (Fransa) ilə Saigon (Vietnam) arası sürət rekordunu qırmağa çalışırdılar. Mükafat 150 min frank idi. Pilotların hər ikisi möcüzəvi şəkildə sağ qalmışdılar, lakin səhranın inanılmaz istisi və susuzluq heç də asan deyildi. Xəritələri olduqca primitiv idi. Səhrada çox az qida və su ehtiyatı (bir neçə üzüm giləsi, bir termos kofe, bir ədəd portağal və bir az şərab) ilə azmışdılar. Cütlüyün yalnız 1 günlük maye ehtiyatı var idi. Hər ikisi sonradan daha ciddi qarabasmalara keçən ilğım (miraj) görməyə başlamışdılar. İkinci və üçüncü günlərində o qədər susuz qalmışdılar ki, artıq tərləmirdilər. Nəhayət, dördüncü gün dəvə üzərində bir bədəvi onları tapdı və yerlilərin istifadə etdiyi müalicə metodu ilə onları susuzluqdan ölməkdən xilas etdi.

“Səhranın ən gözəl tərəfi haradasa gizli bir quyu olmasıdır.”

QIZILGÜL – “Get və yenidən qızılgüllərə bax. Onda başa düşəcəksən ki, dünyada səninkinə tay-bərabər yoxdur.”

Balaca şahzadə öz kiçik planetindəki tənha, dikbaş və cazibədar qızılgülünü əvvəlcə tərk edir, sonra isə onun həsrətini çəkir. Bir çox tədqiqatçıların fikrinə görə, bu, Saint-Exupéry-nin Salvadorlu xanımı Consuelo Suncín de Sandoval-ın təsviridir. Balaca şahzadənin gülü kimi, o da xırda və zərif idi, üstəlik xroniki öskürəkdən (astması olduğuna görə, küləkli asteroid ucbatından deyil) əziyyət çəkirdi. Kiçik planet təsviri onun kiçik vətəni, “Vulkanlar ölkəsi” olaraq da tanınan Salvadordan ilhamlanaraq yaradılmışdır.

Exupéry-dən əvvəl 2 dəfə evli olmuş Consuelo-nı yazıçının bacıları “Tart” (yəni, küçə qadını) adlandırırdılar. Onun evlilikdən kənar münasibətləri olduğu heç kəsə sirr deyildi. Sonradan Exupéry-nin də belə münasibətləri oldu. Təlatümlü evliliklərinə baxmayaraq, yazıçı Consuelo-nı qəlbinə yaxın tuturdu və ona görə də, onu şahzadənin nəzakətlə qoruduğu qızılgülü olaraq simvollaşdırmışdır. Saint-Exupéry evliliklərindəki vəfasızlığı və şübhələrini şahzadənin Yerə səfəri zamanı gördüyü geniş qızılgül sahəsi ilə göstərmişdir. Lakin ərinin məhəbbətlərinə dair son söz Consuelo-nun oldu. Bu haqqda “Qızılgülün xatirələri” adlı öz bioqrafiyasında geniş yazmışdır.

“Qızılgülünü bu qədər önəmli edən ona sərf etdiyin zamandır.”

TÜLKÜ – “Sözlər yanlış anlaşılmaların mənbəyidir.”

Tülkü balaca şahzadəyə sözlərsiz ram oluna biləcəyini deyir. Müdrik tülkü obrazının Nyu-Yorkda ikən yazıçının çox yaxın dostu olan, çox az fransızca bilən, lakin olduqca ləzzətli qayğanaq bişirən Silvia (Hamilton) Reinhardt-ı ifadə etdiyinə inanılır. Nağılda tülkü şahzadəyə bütün güllərin içində yalnız onu sevdiyi üçün öz gülünün bənzərsiz və özəl olduğunu deyir. Hekayənin ən simvolik “insan yalnız qəlbi ilə aydın görə bilər” ifadəsinin Reinhardt tərəfindən irəli sürüldüyü də fərz edilir.

 Saint-Exupéry ingilis dili öyrənməkdən  imtina edirdi, lakin o, kitabı üzərində işləməyə davam edərkən gecəbəgecə Reinhardt onun qəlbini mədəsi vasitəsilə, qayğanaq, gin (cin) və kola ilə ram edirdi. Azad Fransa Hava Qüvvələrinə qoşulmazdan çox az əvvəl, yazıçı Silvia-ya əzilmiş kağız torba verir. Torbanın içində “Balaca şahzadə” nin üzərində kofe ləkəsi, siqaret yanıqları və özünün əllə çəkdiyi sulu boya şəkillərinin yer aldığı orijinal əlyazması var idi. 2014-cü ildə həmin əlyazma Nyu-York şəhərindəki “Morgan kitabxana muzeyi”dəki (Morgan Library and Museum) sərginin  mərkəzi hissəsi olmuşdur.

Üzərində kofe və siqaret ləkələri olan orijinal əlyazma nümunəsi3

Digər tərəfdən isə tülkü, sadəcə Saharada hava poçtu təyyarəçisi olaraq işlədiyi dövrdə yazıçının qarşılaşdığı səhra tülküsü də ola bilərdi. O, bacısı Didiyə 1928-ci ildə Qərbi Saharadan (Cape Juby) yolladığı məktubda heyran olduğu səhra tülküsü haqqında yazırdı.

“Sən ram etdiyin şeyin ömür boyu məsuliyyətini daşıyırsan.”

ŞAHZADƏ –“Sanki ölmüşəm kimi baxacağam. Lakin bu gerçək olmayacaq…”

Balaca şahzadə obrazı yazıçının öz uşaqlığından ilhamlanaraq yaradılmışdır. Belə ki, ailəsi və uşaqlıq dostları onu sarı qıvrım saçlarına görə “günəş kral” adlandırırdılar. Başqa bir fərziyyəyə görə isə, yazıçı ailəsi ilə birlikdə 1942-ci ildə Kvebek şəhərində yaşarkən çox dəyərli 8 yaşlı sarışın qıvrım saçlı Thomas De Koninck-dən (filosof Charles De Koninck-in oğlu) ilham almışdır. Başqa bir ehtimal isə, aviator Charles və Anne Morrow Lindbergh-in (Çarlz və Anna Morou Lindberq) oğlu, qızılı saçlı gənc Land Morrow Lindbergh-in  balaca şahzadə obrazına ilham verməsidir. Yazıçı həmin gənclə 1939-cu ildə Long İsland-dakı evlərində gecələdiyi zaman tanış olmuşdu. Bəziləri isə şahzadə obrazını Məsih olaraq anlayır. Belə ki, o, günahsız uşaqdır, “ölümdən sonrakı həyat”a inanır və nəticədə öz şəxsi cənnətinə geri dönür. “Life” jurnalının fotomüxbiri John Phillips (Con Filips) müəllifin özündən soruşduqda, Saint-Exupéry belə cavab vermişdir: “Bir gün boş kağıza baxdım və balaca uşağa bənzər fiqur gördüm. Kim olduğunu soruşanda “mən balaca şahzadəyəm”−dedi”.

 Saint-Exupéry-nin kiçik şahzadəyə dair ilk ədəbi istinadlarından biri 1935-ci ilin 14 mayında Moskvadan ötürülən ikinci xəbərində qeydə alınmışdır. Yazıçı “Paris-Soir”-nın (Pari Sua)  xüsusi müxbiri olduğu dövrdə yazılarında Fransadan SSRİ-yə qatarla səyahətini təsvir edir. Səfər zamanı, gecə yarısı o, öz birinci sinif kupesindən çıxaraq üçüncü sinif vaqonlara yollanır. Onun gəldiyi vaqonda öz vətənlərinə qayıdan polşalı ailələr böyük qruplar halında birlikdə sıxlaşmışdılar. Öz şərhlərində, yalnızca kiçik şahzadəni təsvir etməklə qalmadı, Exupéry həmçinin bir çox digər fəlsəfi yazılarına daxil olan müxtəlif mövzulara toxundu.

“Üzü yatan bir cütlüyə tərəf oturdum. Uşaq qadın və kişinin arasında özünə yer açdı və yuxuya getdi. Zəif lampa işığında mürgüləyən uşağın üzünü gördüm. Necə də möhtəşəm sima! Bu iki kəndlidən qızıl meyvə doğulub… Bu musiqiçi üzüdür, deyə düşündüm. Bu uşaq Mozartdır. Bu gözəl vədlər dolu bir həyatdır. Əfsanələrdəki balaca şahzadələr ondan fərqli deyillər. Qorunsa, yaşayış yeri ilə təmin olunsa və təhsil verilsə, bu uşaq nə ola bilməz ki? Mutasiya nəticəsində yeni qızılgül doğulanda bütün bağbanlar sevinirlər. Onlar gülü təcrid edir, nazı ilə oynayır və onu bəsləyirlər. Lakin insanlar üçün bağban yoxdur. Bu kiçik Mozart digərləri kimi ümumi damğalama maşını ilə formalaşacaq… Bu kiçik Mozart məhkumdur.”

  • Həyat hissi : SSRİ yolunda

Balaca şahzadənin Saint-Exupéry ilə ən oxşar cəhəti isə sonudur. İlan sancdıqdan sonra, balaca şahzadə quma yıxılır, “bir ağac kimi xəfifcə düşür” və bədəni yoxa çıxır−ya ölür, ya da evinə geri dönür. (bunu heç vaxt bilməyəcəyik.) Eynilə Exupéry kimi. Onun təyyarəsi 1944-cü ildə Fransanın cənubuna yollanmışdır. 1998-ci ildə, Marsel yaxınlığında Aralıq dənizi sahilində balıqçılar üzərində Saint-Exupéry-nin adı həkk olunmuş hərbi qolbağı tapırlar. Növbəti 6 ildə isə, nəhayət dalğıclar təyyarənin bir parçasını çıxara bilirlər. Lakin yazıçının bədənindən heç əsər-əlamət yoxdur. Hələ də, təyyarənin döyüş əsnasında vurulduğu, yoxsa pilot tərəfindən yerə endirildiyi məlum deyil. Bunu təyyarənin qalıqlarına baxaraq aydınlaşdırmaq mümkün olmamışdır.

“Saint-Exupéry-nin  Aralıq dənizi sahilində tapılmış hərbi qolbağı”4

Şahzadənin evi “Asteroid B-612”,Exupéry-nin hava poçtunda idarə etdiyi “A-612” seriya nömrəli təyyarədən götürülmüşdür. 1993-cü ildə kəşf olunmuş asteroid  “46610 Bésixdouze” (fransızca B612 oxunur) adlandırıldı. Bundan başqa 1975-ci ildə kəşf olunmuş başqa bir asteroid müəllifin şərəfinə, “2578 Saint-Exupéry” adlandırılmışdır.

Tədqiqatçıların fikrincə, qorxu saçan baobab ağacları planetimizi məhv etməyə çalışan Nasizmi ifadə edir. Balaca şahzadənin pilotu bədənin sadəcə boş qabıq olduğuna əmin etməsi isə, Antoine-nın gənc yaşda ölən qardaşı François-nın (Fransua) son sözlərinə vurğudur. O, ölüm döşəyində ikən yazıçıya deyir: “Narahat olma, mən çox yaxşıyam. Kömək edə bilmərəm, bu sadəcə mənim bədənimdir.”

“Sən – təkcə sən heç kəsin sahib olmadığı bütün ulduzlara sahib olacaqsan… Ulduzlardan birində mən yaşayacağam. Bir digərində güləcəyəm. Beləcə, sən gecə səmaya baxdıqda bütün ulduzlar gülürmüş kimi hiss olunacaq… Sən− yalnız sən gülən ulduzlara sahib olacaqsan.”

Kitabın ithaf olunduğu yazıçı

Saint-Exupéry yazıçı və tənqidçi Léon Werth (1878–1955) ilə 1931-ci ildə tanış olmuşdur. Werth tezliklə, onun hava poçtundan kənarda ən yaxın dostuna çevrilir. Anarxist olan Werth, yəhudi əsilli solçu Bolşevik dəstəkçisi olmaqla bərabər, Exupéry-dən 22 yaş böyük idi. Saint-Exupéry iki kitabını−“Lettre à un otage” (Girova məktub) və “Le Petit Prince”(Balaca şahzadə) Werth-ə ithaf edir və daha 3 işində də ona istinad verir. II Dünya müharibəsinin başlarında “Balaca şahzadə”ni yazarkən, Nyu-Yorkdakı evində oturub, öz vətəni Fransa və oradakı dostları haqqında düşünürdü. Werth isə müharibə dövrünü səssiz-səmirsiz, “tənha, soyuq şəraitdə və ac” fransız qaçqınlar üçün çox da xoş münasibət bəslənməyən İsveçrə yaxınlığındakı dağ kəndi−Yurada keçirmişdir.

Saint-Exupéry-nin təyyarəsi 1944-cü ilin iyul ayında Aralıq dənizi üzərində yoxa çıxdıqdan bir ay sonra Werth radio vasitəsi ilə bundan  xəbər tutur. Daha əvvəl  “Balaca şəhzadə” haqqında məlumatı olmayan tənqidçi, bir il əvvəl Birləşmiş Ştatlarda nəşr olunan kitabın ona həsr olunduğunu həmin ilin noyabr ayında öyrənir.

II Dünya müharibəsi bitdiyi zaman Léon Werth— „Toniosuz (Saint-Exupéry) sülh, tam olaraq sülh deyil.” — sözləri ilə qədim dostunu yad edir.

 “İnsanların artıq nəyisə tanımağa vaxtı yoxdur. Onlar artıq hər şeyi mağazadan hazır alırlar. Lakin dost almaq üçün heç bir dükan yoxdur. Ona görə də, insanların artıq dostları yoxdur.”

Balaca şahzadə, böyüklər üçün yazılmış nağıl olmaqla, həyatda ən yaxşı şeylərin hələ də ən sadə olanlar və həqiqi sərvətin başqaları ilə bölüşmək olduğunu incə və ciddi şəkildə xatırladır.

“Gözlər kordur, qəlbinlə baxmalısan. İnsan yalnız qəlbi ilə aydın görə bilər; əsl olan gözə görünməzdir.”

inaslarının üzərində “Antoine de Saint-Exupéry”nin öz şəkli və möhtəşəm əsəri, “Balaca şahzadə” nağılından bəzi illüstrasiyalar əks olunurdu.

Qeyd: 2018-ci ildə Sinqapurda baş tutan “The Little Prince: Behind the story” (“Balaca şahzadə” – hekayənin pərdəarxası) sərgisini virtual gəzmək üçün aşağıda linki klikləyin.

https://www.nhb.gov.sg/spm/vr/TheLittlePrince/index.html

Yazar: Neon

Editor: Disprozium

Istifadə olunan ədəbiyyat:

https://www.biography.com/writer/antoine-de-Saint-Exupéryupery

https://www.britannica.com/biography/Antoine-de-Saint-Exupéryupery

https://www.newyorker.com/magazine/1994/12/05/lost-in-the-stars

https://en.wikipedia.org/wiki/L%C3%A9on_Werth

https://en.wikipedia.org/wiki/The_Little_Prince

https://www.biography.com/news/the-little-prince-antoine-de-Saint-Exupéryupery-facts

Şəkil Mənbə:

  1. http://www.artnet.com/artists/antoine-de-saint-exupery/antoine-de-saint-exup%C3%A9ry-RanUXoGef6lVyYwd3BuZiQ2
  2. https://segundoenfoque.com/antoine-de-saint-exupery-cumpliria-116-anos-2016-06-30
  3. https://www.journaldemontreal.com/2014/01/23/le-petit-prince-une-histoire-new-yorkaise
  4. https://drivetribe.com/p/the-little-prince-a-tribute-to-HKyyNfKASNWcrLuRrCL2wg?iid=H4eqYy0SRUqstKLi5k9Nbw

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: