İki cahan, yoxsa ikən cahan?

Nəsiminin “Sığmazam” qəzəlini bilməyən həmyerlimiz yoxdur yəqin ki, amma onun ilk misrasının düzgün oxunuşunu neçəmiz bilirik?

Bu yazımızda sizlərlə “Məndə sığar iki/ikən cahan, mən bu cahana sığmazam“ misrasının düzgün versiyasını tapmağa çalışacağıq. Əslində, cavab bəllidir, ən azından azərbaycanlı tədqiqatçılar “iki” ilə olan versiyanın əsl versiya olduğunu düşünürlər. Ona görə yazımızda “ikən” versiyasına əks iddiaları öyrənəcəyik desək, daha doğru məlumat vermiş olarıq.

İlk öncə gəlin, İmadəddin Nəsiminin bu mübahisəli qəzəlinin ilk misralarını xatırlayaq:

Məndə sığar iki/ikən cahan, mən bu cahanə sığmazam,
Gövhəri la məkan mənəm, kövnü məkanə sığmazam.

“İkən” versiyası haqqında hamılıqla gəlinən nəticələrdən biri bu versiyanın ilk dəfə ötən əsrin 70-ci illərində ortaya çıxmasıdır. Hətta qəzəli bu versiya ilə ilk oxuyanın Bəxtiyar Vahabzadə olduğu söylənilir. Versiya daha rahat tələffüz edildiyi üçün sonradan bir sıra ifaçılar tərəfindən də mənimsənilib. Bəs bu versiyanın birdən-birə ortaya atılmasının səbəbi nədir? Bunun üçün fərqli fərziyyələr var. Bunlardan biri, əgər misra “Məndə sığar iki cahan” ilə başlayırsa, “mən bu cahanlara sığmazam” deyə davam etməli idi. Digər fərziyyə isə Nəsiminin digər dünyaya, axirət dünyasına inanmadığı və buna görə iki cahandan danışa bilməyəcəyi yönündədir. 

Tədqiqatçılarımız deyir ki, heç bir əlyazmada “ikən” sözü yoxdur, lakin burada bir-birinə iki əks iddia mövcuddur. Filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərova bildirir ki, ərəbcədə “iki” və “ikən” sözünün yazılışı tamamilə fərqlidir və buna görə əlyazmalardan səhv oxuna bilməz. Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub isə əksini deyərək bu sözlərinin ərəbcədə yazılışının oxşar olduqlarını və bir nöqtə ilə fərqləndiklərini deyir və buna görə də səhv oxumanın burdan qaynaqlana biləcəyini düşünür. Şair Əvəz Qurbanlı isə bu iki ideyanı da birləşdirərək bu nəticəyə gəlir ki, sözlərin yazılışı fərqli olsa da, ərəbcə yaxşı bilməyən xam oxucu asanlıqla səhv edə bilər. Əlyazmadan səhvən “ikən” oxuyan oxucu yuxarıdakı fərziyyələrin də köməyi ilə asanlıqla “ikən” versiyasının doğru olduğuna inana bilər. 

Bəs niyə “iki” versiyasından bu qədər əminik? Ən birinci səbəb, təbii ki, o vaxtdan qalan əlyazmalarda “iki” yazılmasıdır. Lakin gəlin bir də bu misraların analizinə, fəlsəfəsinə baxaq. 

Var bu cahandan özgə bizim bir cahanımız,

Surəti bu aləm oldu bizə ol məkanımız.

Və ya:

Vəsli-rüxün bahasına versəm əgər ucuz olur,

Canü cahanı, hər nə kim, iki cahan içindədir.

Bu misralardan görürük ki, Nəsimi “iki cahan” ideyasına sahib idi. Yəni bu cahandan fərqli bir cahanın olduğuna inanırdı, amma bu axirət dünyası deyildi.

Ey dəvət eyləyən bizi firdövsə, eylə bil,

Cənnətdən özgə vardurur əla məkanımız.

Çünki bu misralardan anladığımız kimi bu cahan/məkan Cənnətdən özgədir. Nəsiminin cənnətdən əla dediyi o məkan haradır? Burada Şumer mətnlərinə müraciət edə bilərik. Şumer mətnlərinə görə bu dünyanı Tanrılar yaradıb və onlar bu gün də tapılmamış Nabur planetində yaşayırlar. 

Həq mənə söylə dedi, əmr etdi, mən də söylədim,

Sözümü dastan edib aləmdə təkrar etdilər.

Sən bu Nəsiminin dilini anla, bil sözün,

Kim, var bu dildən özgə bizim bir lisanımız.

Bu beytlərdən anlaşılır ki, Nəsimi “Həqlə”-Tanrı ilə danışır. Nəsimi Tanrı ilə danışırdısa, deməli, həmin dünyadan xəbəri var idi. Ona görə də oranı cənnətdən daha gözəl məkan adlandırırdı. Nəsimi bu dünyanı Nabur planetindəki dünyanın surəti adlandırır və insanın Tanrının surəti olduğu haqqında söylədiklərini bununla təsdiqləyir. Nəsimi özünü artıq həmin dünyada görürdü. Onun dediyi özgə bir lisan da Tanrıların yaşadıqları dünyadakı dildir.

Bütün bunlardan bu nəticəyə gələ bilərik ki, Nəsiminin “Məndə sığar iki cahan…” misrasındakı cahanın biri bizim yaşadığımız bu dünya, digəri Tanrıların yaşadığı dünyadır. Yəni, Nəsimi “iki cahan” deməklə axirəti nəzərdə tutmur, əksinə hər zaman iddia etdiyi Həqq dünyasından bəhs edir. Buna görə də “ikən” ilə oxumaq qəzəli açıq-aşkar təhrif etməkdir və “iki” versiyası Nəsiminin fəlsəfəsinə daha uyğun və əsaslı versiyadır.

Mənbə:

Mədəni Adam. (2019, 31 Yanvar). Nəsiminin “Sığmazam” qəzəlini ilk dəfə kim səhv oxuyub? – SORĞU. https://www.aznews.az/news/cultural_man/208664.html saytından götürülüb.

İslam Sadıq. (2019, 6 Dekabr). “Məndə sığar iki cahan…” misrasının sirri. http://www.azerbaijan-news.az/view-178806/mende-sigar-iki-cahan-misrasinin-sirri saytından götürülüb.

Yazar: Lithium

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: