Tarixdə ilk Roentgen şəkli – Roentgen yeni kəşfini xanımı üzərində sınaqdan keçirir.

50 yaşında məşhurlaşan alimin bioqrafiyası.

Wilhelm Conrad Roentgen 27 Mart 1845-ci ildə Almaniyanın Remşayd (Lennep) şəhərində parça istehsalçısı ailənin tək övladı olaraq dünyaya gəlir. Üç yaşında ailəsi ilə birlikdə Niderlanda köçür və 1862-ci ilə qədər Apeldornda, daha sonra isə, Utrextdə yaşayır.

Gənc Wilhelm Utrextdə oxuduğu texniki məktəbdən uğurla məzun ola bilmir. Səhvən sinif rəhbərinin karikaturasının müəllifi kimi qələmə verilən gələcəyin parlaq alim əsl müəllif özünü büruzə vermədiyi üçün 1863-cü ildə məktəbdən qovulur. Buna baxmayaraq, həvəsli gənc “qonaq” qismində mühazirələri dinləyir. Bir mühəndisdən Zürix Politexnik Universitetində məktəbi bitirmədən də sadəcə imtahan verərək təhsil ala biləcəyini öyrənən Roentgen dərhal İsveçrəyə yollanır. 1865-ci ildə maşınqayırma fakültəsinə əvvəlki biliklərinə əsasən imtahansız qəbul olunur. Clausius və Kundtun mühazirələrinə qatılır və 3 il sonra məzun olur. 1869-cu ildə isə, İsveçrədə fizika sahəsi üzrə doktorluq titulunu müdafiə edə bilir.

Zürixdə təhsil aldığı dövrdə şair Otto Lüdwigin qardaşı qızı Anna Bertha Lüdwigə aşiq olur. O, Roentgenin diqqətini ilk dəfə sevimli məkanı “zum Grünen Glas”-da çəkir. (həmin restoran hələ də fəaliyyətini davam etdirir. Yolunuz Zürixə düşərsə, baş çəkməyi unutmayın). O dövrdə Berthanın atası həmin restoranın sahibi idi. Anna Berthanın mülayim xasiyyəti gənc alimi tamamilə məftun edir.

‘Zum grünen Glass’, 2015

Wilhelm Roentgen diplom imtahanını uğurla tamamladıqdan sonra Bertha ilə nişanlanır. Doktor titulunu müdafiə etdikdən dərhal sonra öz professoru August Kundta assistentlik etmək üçün əvvəlcə Vürzburqa, 3 il sonra isə, Strasburqa köçür. 1872-ci ildə Wilhelm Conrad və Anna Bertha Apeldornda evlənirlər. Təqribən 50 il davam edən xoşbəxt evliliklərində uşaqları olmur. 1887-ci ildə Anna Berthanın 6 yaşlı qardaşı qızı Josephine Berthanı övladlığa götürürlər.

1879-cu ildə Gisen Universitetində Fizika kafedra müdiri vəzifəsinə keçən Roentgen həm iş (kafedrada öz sistemini rahatlıqla qura bildiyinə görə), həm də sosial əhatə cəhətdən olduqca xoşbəxt idi. Burda qurduğu dostluqlar ömür boyu davam etmiş, hətta illər sonra Münhendə yaşadığı dövrdə belə tətillərini dostları ilə birlikdə Pontresinada keçirmişdi.  Sonradan valideynləri də gənc ailənin yanına köçmüş və ömürlərini Gisendə başa vurmuşlar.


Roentgen ailəsi dostları ilə birlikdə Pontresinada tətildə (Wilhelm Roentgen-in obyektivindən) – 18941

Şəxsinə və kəşfinə yönəlmiş yüksək təmtərağa baxmayaraq, Roentgen təvazökar həyat tərzindən əsla əl çəkmədi. Yayları Bavariya Alplarında yerləşən Vaylhaymdakı evində istirahət edərək keçirən görkəmli alim dağa çıxmaqdan hədsiz zövq almaqla yanaşı, həvəskar ovçuluqla da məşğul olurdu. 1900-cü ildə Münhendə dərs deməyi qəbul edən dünya şöhrətli alim elə orda da, 10 Fevral 1923-cü ildə sevimli xanımı Berthadan 4 il sonra bağırsaq xərçəngindən dünyasını dəyişir. Alimin külləri Gisen şəhərində-valideynləri və xanımının yanında basdırılır.

Əsrarəngiz roentgen şüalarının kəşfi və fizika sahəsində ilk Nobel mükafatı

1888-ci ildə Roentgen Vürzburq Universitetinə geri qayıdır. Həmin dövrdə Heinrich Hertz və Phillip Lenard da daxil olmaqla, bir çox fizik katod şüa borularının (“Crookes” boruları, vakuum boruları) tədqiqinə xeyli maraq göstərirdi. Təbii qazla doldurulmuş boruya aşağı təzyiqdə elektrik verilməsi nəticəsində yaranan qütblər arasından parıltı peyda olur. Bu fenomenin elektronlarla əlaqəli olması o dövrdə hələ məlum deyildi və ümumilikdə katod şüalarından danışılırdı. Roentgen öz təcrübələrinə başladığı zaman artıq bu şüaların xüsusiyyəti çoxsaylı təcrübələrlə dərindən öyrənilirdi və onun kimi tədqiqatçılar da bu şüalanmanın səbəbini izah etməyə çalışırdılar. Bundan sadəcə yarım əsr sonra isə, elektron şüa borusu əsasında ilk televizor ixtira olunmuşdur.


Roentgen yaşadığı dövrdə Vürzburq (bu şəkli alim özü çəkmişdir)2

8 noyabr 1895-ci ildə yenə öz laboratoriyasında tək işləyərkən Roentgen katod şüa borularından yayılan, gözlə görülməyən başqa şüalanma da müşahidə edir. Təsadüfən qaranlıq otaqda qəribə bir hadisə baş verir. Belə ki, cihazı işə saldıqda ətrafda (təqribən 2 m uzaqlıqda) yerləşən, əvvəlcədən flüoresent maddə (bariumplatinsianid Ba[Pt(CN)4]) ilə isladılmış təbəqə də parıldayır. Bunu görən fizik katod şüa borusunun kənarlarını tünd rəngli kartonla örtür, lakin parıltı itmir. Bu şüaları “X” (iks) adlandıran Roentgen heç kəsə öz kəşfi barədə danışmır. Yalnız xanımına deyir ki, insanlar öyrənəndə: “Roentgen, yəqin ki, dəli olub” − deyəcəkləri şeyi edirəm. Növbəti həftələri demək olar ki, günün 24 saatını laboratoriyasında şüaların təbiətini araşdıraraq keçirir.


Roentgen iş prosesində6

Təcrübələrdən məlum olur ki, metal parçalar şüanın önünü kəsdiyi halda, taxta kimi yüngül maddələr onun ötürülməsinə əhəmiyyətli maneə törətmir. Şüşənin isə, şüanı yaxşı və ya pis ötürməsi tərkibindəki qurğuşunun miqdarından asılı olaraq dəyişir.

Tezliklə adi foto lövhələrin də X şüalarına reaksiya verdiyini öyrənən Roentgen şəkillər çəkməyə başlayır. O, ilk olaraq X şüaları ilə xanımı Berthanın əlinin şəklini çəkir. Həmin ilk tibbi roentgen çəkilişi üçün Anna Bertha təqribən 15 dəqiqə əlini sabit saxlamalı olur.

            Şəkildə digər toxumalar kölgə kimi görünsə də, sümük toxuması tamamilə aydın seçilir və ən əsası, metal roentgen şüalarını dəriyə nəzərən çox daha yaxşı udduğuna görə bəxt üzüyü tamamilə önə çıxır. Roentgen çox həyəcanlanır, Bertha  isə, “öz ölümümü gördüm” deyərək qorxduğunu ifadə edir.

28 Dekabr 1895-ci ildə Roentgen yeni şüalarla əlaqədar ilk elmi yazısını ictimaiyyətə təqdim edir. Atası Vyanada qəzet sahibi olan tanışı fizik Franz Exner yeni şüalar haqqında məlumatın tezliklə mətbuatda yayılmasına şərait yaradır.

1896-cı ilin yanvar ayında bütün dünyada Vürzburq Universitetində çalışan Wilhelm Roentgen adlı professorun “insan bədəninin və digər əşyaların daxilini göstərən” şüa kəşf etdiyi haqqında xəbərlər işıq sürəti ilə yayılmağa başlayır. Başlanğıcda qəzetlər şəkil çap etmədiyi  üçün insanların böyük qismi xəbərin doğruluğuna inanmır. Vyana mətbuatı xəbəri 5 Yanvar 1896-cı il tarixində “Sensasiyalı Kəşf” (“Eine sensationelle Entdeckung”) başlığı ilə paylaşır. Müəllif qeyd edirdi:  “heç şübhəsiz, şüalar haqqında xəbər Jules Verne tərzinə uyğun hekayəyə, yaxud nağıla, bir başqa halda isə 1 Aprel zarafatına bənzəyir, lakin bir daha vurğulayırıq ki,  bu hadisə əsl  elm insanları tərəfindən ciddi qəbul edilir”.

            Britaniya gündəlik qəzeti “The Guardian” da “ Həqiqətən Sensasiyalı kəşf” (“A really sensational discorvery”) başlıqlı xəbərlə kəşfin böyüklüyünə diqqət çəkir. London qəzeti “Standard” isə, oxucularını əmin edir ki, bu zarafat deyil. Tezliklə xəbər yazıları ilə birlikdə şəkillər də çap olunduqca, insanların şübhəsi yox olmağa başlayırdı.

            23 yanvar 1896-cı ildə Roentgen  Vürzburgda ”Fizika və Tibb cəmiyyəti” yığıncağında X şüaları haqqında  ilk və tək açıq məruzəsini oxuyur. Elm insanları ilə yanaşı, yüksək rütbəli zabitlər və digər məşhur insanlar da bu çıxışı dinləyirdilər. Məruzə zamanı, şüaların xüsusiyyətini nümayiş etdirmək üçün anatomist Albert von Kölliker könüllü olur və X şüalarının Roentgen-in şərəfinə adlandırılmasını təklif edir. Onun təklifi entuziazmla qarşılanır.  

Roentgenin kəşfi böyük rezonansa səbəb oldu. Alman imperatoru II Wilhelm 13 yanvar 1896-cı ildə Roentgeni bütün maddələrdən keçə bilən əsrarəngiz X şüaları haqqında məruzə etməsi üçün Berlindəki sarayına dəvət etdi. İnsan bədəninin daxilinə nəzər salmağa şərait yaratması ilə sensasiyaya səbəb olan roentgen şüaları öz dövründə fizika sahəsində edilmiş ən məşhur kəşfə çevrildi.

Almaniyanın bir çox şəhərində küçələrə adı verilən Roentgen saysız kiçik mükafatla bərabər, bir neçə iri miqyaslı − adını daşıyan asteroid, yaxud da 111-ci element Roentgenium kimi mükafatın da sahibidir.  Kəşfin 10 illiyi şərəfinə həmkarları Vürzburq Universitetinin önünə üzərində alimin şəkli və kəşfin tarixinin yer aldığı mərmər lövhə asırlar. Həmin lövhə hələ də binanın girişindəki yerini qoruyur.

Nəhayət, 10 dekabr 1901-ci ildə Stokholmda Fizika sahəsi üzrə ilk Nobel mükafatına layiq görülən Wilhelm Conrad Roentgen adını tarixə qalın hərflərlə yazdırır. Mükafatı, qızıl medal və 50.000 Kronu şəxsən cari İsveç şəhzadəsi ona təqdim edir. Sonda isə, dəbdəbəli şam yeməyi baş tutur. Səhəri gün Roentgen Stokholmu tərk edir, digər mükafatçıların əksinə, heç bir çıxış etmir. Sonradan bu hərəkəti onun əleyhində söz-söhbətlərə səbəb olur.

Roentgen-dən əvvəl və sonra X şüaları

Roentgenin fizika sahəsi üzrə ilk Nobel mükafatını alması digər alimləri, xüsusilə də Phillip Lenardı dərindən incidir. Alim istifadə etdiyi boruları “Braunschweig”-dan əldə etmiş olsa da, Lenard ona təcrübənin əsasını təşkil edən bir neçə alüminium pəncərə göndərmişdi. Sensasiyalı kəşfindən sonra isə, Roentgen həmkarının bu işə töhfəsini heç vaxt dilə gətirmir. Yeni növ şüaların kəşfi ilə bağlı uzun illər davam edən müzakirələr boyunca Lenard iddia edirdi ki, o öz tədqiqatlarında ilkin mərhələdə X şüaları adlanan fenomeni müşahidə etmiş, səhvən bu şüaları katod şüalanmasının bir növü kimi təsnif etmişdir. Təəssüf ki, 1905- ci ildə fizika üzrə Nobel mükafatı alması belə onu təsəlli edə bilmir. Phillip Lenard o qədər qəzəbli idi ki, 80 yaşında yazdığı son kitabda şüalanmanın kəşfini doğuşa, Roentgeni isə doğuş zamanı adətən uşağı göstərən mamaçaya bənzədir. Lenard, həmçinin, qeyd edir ki, yalnızca cahillər onu uşağın anası ilə səhv sala bilər.

1930-cu illərdə Lenardın tərəfdaşları hələ də, roentgen şüalarının kəşfini onun adına yazmağa cəhd göstərirdilər. Lakin elm aləminin daha böyük bir qismi Lenardın Roentgendən heç də geri qalan alim olmadığını qəbul etsə də, bu şüaların kəşfinin birbaşa və yalnızca Wilhelm Conrad Roentgenə aid olması haqqında həmfikir idi.


Albert von Kölliker-in əlinin roentgen şəkli (Vürzburgda ”Fizika və Tibb cəmiyyəti” yığıncağında X şüalarını nümayiş etdirərkən ilk dəfə ictimaiyyətə açılan roentgen şəkli) – 18961

Düşünəndə ki, hər dəfə katod şüaları üzrə təcrübə aparan istənilən tədqiqatçı eyni zamanda, həm də X şüalara məruz qalıb, Roentgendən əvvəl yeni növ bu şüaların kəşf olunmaması təəccüb doğurur. Əslində daha əvvəl də katod şüa borularının ətrafındakı foto plitələrdə qeyri-müəyyən qaraltılar müşahidə olunmuşdu. Belə ki, 1890-cı ildə Dr. Arthur Goodspeed və William Jennings Pennsilvaniya Universitetinin fizika mühazirə otağında ilk roentgen şəklini çəkiblər. Həmin axşam Goodspeed və Jennings qəpik və latun çəki daşlarının fırça elektoqraflarını hazırlayırdılar. Təcrübələrini bitirdikdən sonra Jennings bütün foto plitələri toplayır, təcrübədən qalan iki qəpik pulu, daha doğrusu, trolleybus üçün ayırdığı gediş haqqını da həmin lövhələrin ən üstünə qoyur. Daha sonra Goodspeed həmkarına universitetin “Crookes” boruları kolleksiyasını, həmin borulardan ayrılan parıltının foto şəklini çəkmək üçün nümayiş etdirir. İki alim müzakirə edərkən, katod şüa borularının yaydığı X radiasiya foto lövhələrə təsir edirdi. Plitələr yuyulduqdan sonra, Jennings onlardan birinin üzərində səbəbini anlamadıqları diskəbənzər kölgələr müşahidə etdi. 1896-cı ildə Roentgenin kəşfindən xəbər tutduqda, Goodspeed və Jennings orijinal lövhəni götürərək, “qəza”larını təkrarladılar. Şübhəsiz ki, onlar, özləri də bilmədən, ilk “roentgen şəkli”ni çəkmişdilər. Həmin lövhə sonradan kitabxana arxivində itib.


Roentgen şüalarının kəşfindən əvvəl çəkilmiş ilk roentgen şəkli- 18905

Bəs nə üçün Roentgendən daha əvvəl bu sahə ilə məşğul olan və katod şüalanmanı daha dərindən tədqiq edən Phillip Lenard yayılan X şüalarını kəşf edə bilmədi? Bu sualın çox sadə cavabı var. Çünki Lenardın katod şüalarını aşkarlamaq üçün istifadə etdiyi maddə, kontrol təcrübələrinin də göstərdiyi kimi, yalnızca həmin şüalara həssasdır, roentgen şüalarına isə deyil.

Uzun müddət Roentgenin X şüaları kəşf etmədiyi barədə şayiələr gəzirdi. O, özü isə bunu hətta “həsəd aparan” insanların belə bu kəşf haqqında danışması kimi qəbul edirdi. Dəfələrlə, əslində, preparator Weberin X şüalarını kəşf etməsi barədə xəbərlər yayılır. Halbuki o, Roentgen-in kəşfindən 5 il sonra ortaya çıxmışdı. Sonradan bu kəşf keçmiş mühazirəçi Marstallerə də aid edilmişdi. Şayiələrə görə, Roentgen təcrübələrini masanın üzərindəki içində metal halqa olan qutuda həyata keçirirdi. Günlərin bir günü Roentgen öz təcrübə qurğusunu müşahidə edərkən, Marstaller onun diqqətini yaxınlıqdakı foto kağıza çəkir, kağızın üzərində əks olunmuş halqanı göstərir.

Çoxdandır xəstəlikdən əziyyət çəkən Berthanın vəziyyətinin daha da pisləşməsi Roentgen-i ictimaiyyətdən tamamilə uzaqlaşdırır. Təəssüf ki, bu, söz-söhbətlərin daha artmasına şərait yaradır. Bir çoxları Roentgenin Nobel çıxışından imtina etməsini də bu ittihamları qəbul etdiyi yönündə yozur. 1896-cı ildə Frankfurt am Main şəhərində baş tutan böyük “Alman Təbiət Elmləri Tədqiqatçıları və Həkimlər Yığıncağı”nda Roentgen “Fəxri Sədr” olmasına baxmayaraq iştirak etmir. Adını daşıyan şüalar haqqında yalnızca daha iki elmi məqalə yazır və sonradan başqa məşğuliyyətlərə yönəlir.

Roentgen 1897-ci ilin martında ictimaiyyətlə paylaşdığı ikinci məqaləsi ilə katod və X şüaları arasındakı əlaqənin müzakirəsinin təməlini qoyur. O, xüsusilə Lenardın katod şüalanma təcrübələri və bu suala qarşı olan keçmiş mövqeyi üzərində dayanır. Eyni zamanda hər iki şüa növünün yaranma səbəblərinin əlaqəli olması və “Lenard” borusunun nazik “Hertz-Lenard” metal təbəqəsində roentgen şüalarının əmələ gəlməsi təsdiq olunur. Lakin Roentgen katod şüaları və X şüaları arasındakı əlaqəni belə izah edir:

“X şüaları katod şüaları tərəfindən yaranır.”

               Roentgen bütün bu hadisələr baş verərkən isveçrəli həmkarı və dostu Ludwig Zehnderə məktubunda qeyd edir: “Keçən bir neçə günün ardından bu mövzu ürəyimi bulandırdı, hesabatlardan öz işimi tanıya bilmədim.”

            Lakin yeni şüalar dünyanın geri qalan qisminin ağlını başından alır. Yeni Zelandiyalı eksperimental fizika alimi Ernest Rutherford bu dövrə dair xatirələrini belə ifadə edirdi: “Dünyadakı bütün laboratoriyalar roentgen şüası almaq üçün köhnə vakuum borularını çıxardı.”

İlk olaraq, 1896-cı ildə Fransız fizik Henry Becquerel uranın eyni ilə roentgen şüaları kimi bərk obyektləri keçə bilən şüa yaydığını kəşf etdi. Hətta o sübut etdi ki, bu şüalar heç bir xarici enerji mənbəyindən yaranmır, birbaşa uranın daxilindən yayılır.  Daha sonra Marie Curie digər radioaktiv elementləri (Polonium və Radium) kəşf etdi və radioaktivlik nəzəriyyəsini inkişaf etdirdi.

Növbəti böyük kəşf 1897-ci ildə Joseph Thomson-un ilk dəfə elektron zərrəciyi təcrübə ilə sübut etməsi oldu.  

            Roentgen bu inkişaf proseslərini kənardan izləməyi seçmişdi. Özünü təklikdə tədqiqat apararkən,  yalnızca bir qrup dəyər verdiyi insanla fikir mübadiləsi edərkən daha yaxşı hiss etdiyinə görə, xaraktercə introvert hesab oluna bilərdi. O, öz işini patentləşdirməkdən imtina etmişdi. Alimin fikrinə görə, belə vacib bir şey ayrı-ayrılıqda şəxsi maraqlara deyil, bəşəriyyətin xeyrinə xidmət etməli idi. Həmçinin Nobel ilə birlikdə aldığı  pul mükafatını da işlədiyi Universitetə bağışlamışdı. Illər sonra isə, bunun cəriməsini 1920- ci ildə, demək olar ki, tamamilə müflisləşərək çəkir. I Dünya müharibəsindən sonrakı hiperinflyasiya dünya şöhrətli alimdən də yan keçmir. Xoşbəxtlikdən, uzun müddət Dövlət qulluğunda fəaliyyət göstərdiyi üçün gündəlik xərclərini qarşılayacaq qədər təqaüd alırdı. 

X şüaları haqqında doğru bilinən yanlışlar və şüaların tətbiq sahələri.

Roentgenin öz istəyi ilə təcrübələrinin patentləşdirilməsindən imtina etməsi texniki olaraq istənilən insanın roentgen aparatı düzəltməsinə şərait yaratdı. Bu şüaların əlavə təsirinin tamamilə naməlum olması, insanların düşünmədən yüksək miqdarda X şüalara məruz qalması ilə nəticələndi. Roentgen şəkillərinin çəkilməsi o qədər məşhurlaşdı ki, hətta əyləncə üçün istifadə olunmağa başlandı. Şüaların kəşfi haqqında ilk xəbərin yayılmasından cəmi 20 gün sonra Berlində yerləşən bir firma artıq yeni roentgen borularını satışa çıxarmışdı.

Bacarıqlı tacirlər yeni texnologiya vasitəsilə daha çox pul qazanmağa cəhd göstərirdilər. Nyu York kimi iri şəhərlərdə sümüklərin foto şəkilini çəkdirmək imkanı yaradan “Sümük portreti studioları” fəaliyyət göstərməyə başladı. Həmin şəkilləri insanların evlərində divardan asırdılar. Hətta roentgen şüalarını keçirməyən alt paltarları belə satışa çıxarılmışdı, bu paltarların məqsədi, varlığı ehtimal olunan roentgen eynəklərinə sahib olan insanların baxışlarından qorunmaq idi.

            Yeni tip şüaların baş ağrısını müalicə etdiyinə, bronxial astma tutmalarının qarşısını aldığına, sızanaq və ya istənməyən tükləri yox etdiyinə inanılırdı.

1896- cı ildə ABŞ-da “Kodak”, İngiltərədə “İllford” və  Almaniyada “Schleusner” ilk roentgen fotolentini satışa çıxarmışdı. İlkin dövrlərdə istehsalçıların adından da məlum olduğu kimi fotoqrafiya və radiologiya anlayışlarını ayırd etmək mümkün deyildi. Bir çox radioloq eyni zamanda həm də “Fotoqraf” idi.

Təbii ki, yeni kəşf olunmuş şüalar tezliklə tibb sahəsində də öz istifadəsini tapdı. Roentgen-in kəşfi tibbdə insan və heyvanların sümüklərini foto plitələrin üzərində əks etdirmək və beləcə xəstəliklərə diaqnoz qoymaq üçün geniş imkanlar yaratdı. Tezliklə, digər orqanların və böyük ölçüdə bədən hissələrinin də şəklini çəkmək mümkün oldu. Diaqnostika ilə yanaşı, roentgen şüaları müalicə məqsədi ilə də istifadə olunmağa başladı.

Heç bir il tamam olmamış, bütün dünyada tibb müəssisələri roentgen müayinəsini öz proqramlarına əlavə etmişdi. Daha sonra roentgen şüası altında ilk hərəkətli şəkillər meydana gəlməyə başladı və bu da səs aparatının analizinə şərait yaratdı. 1896-cı ilin Yanvar ayında ilk angioqrafiya  həyata keçirildi. Avstriyalı fizik Eduard Haschek və alman həmkarı Otto Lindenthal amputasiya edilmiş əlin damarlarına X şüaları altında bismuth, qurğuşun və barium duzları inyektə edərək, ilk angiogramı çəkdilər. Bu, tibbdə tamamilə yeni bir cığır açdı.

Şikaqolu bir həkim Roentgenin 1896-cı ildəki çıxışından çox qısa müddət sonra süd vəzi xərçəngindən əziyyət çəkən bir xəstəsini roentgen şüaları ilə müalicə etməyə cəhd etmiş və əhəmiyyətli hesab olunacaq dərəcədə yaxşı nəticə əldə etmişdi. Lakin şüa terapiyası, təqribən roentgen müayinəsi ilə eyni vaxtdan başlasa da, geniş miqyaslı tətbiq olunması çox daha uzun çəkmişdir.

            Elmi tarixçilərin fikrincə, Roentgen-in bağırsaq xərçənginə yoluxması elmi fəaliyyəti əlaqəli olmayıb. Öz müasirlərindən fərqli olaraq X şüaları ilə xüsusi ehtiyatla işləyən Roentgen qorunmaq üçün qurğuşun lövhədən istifadə edirdi. Üstəlik mümkün olan ən qısa müddətdə və  həddən artıq güclü olmayan şüalarla işləyirdi.

Roentgen şüalarının əlavə təsiri, kəşfindən uzun illər sonra öyrənilmişdir. Yeni növ ionlaşdırıcı şüaların kəşf olunduğu ilk dövrlərdə, xərçəng xəstəliyi, genetik mutasiyalar, yaxud da (xüsusilə yüksək dozada təsir etdikdə) müxtəlif dərəcəli yanıqlar və nəhayət, görmə qabiliyyətinin pozulmasına gətirib çıxara bildiyi məlum deyildi. Başlanğıcda roentgen şüalanmaya məruz qalan yüzlərlə xəstə və tibb işçisi şüaların təsirindən ya ölüb, ya da leykemiyadan əziyyət çəkmişdir. Təhlükəsizlik qaydaları isə tədricən yaranmışdır.

Roentgen şüaları ilə ehtiyatla davranmaq lazım olduğu məlum olduqdan sonra belə bir çoxları təhlükəsizlik tədbirlərini ciddi qəbul etmədi. Hətta 1970-ci illərdə bəzi ayaqqabı dükanları, ayağın ayaqqabıya düzgün yerləşib-yerləşmədiyini yoxlamaq üçün roentgen işığından istifadə edirdilər. Həmin aparatlar müasir roentgen aparatlarından təqribən 1000 dəfə daha çox şüa yayırdılar.

Hazırda tibbdə roentgen şüaları sümüklərdə sınıq və çatlar, bəzi şiş və anomal kütlələr, pnevmoniya, bir sıra travmalar, duzlaşma, yad cisimlər, stomatoloji problemlər və bir çox başqa xəstəlikləri  müayinə etmək üçün geniş tətbiq olunur.

İstifadə olunduğu digər sahələr:

  • Paleontoloqlar roentgen şüaları ilə fosilləri və qaya daşlarını tədqiq edirlər.
  • İncəsənət tarixçiləri bu şüaların yardımı ilə əşyaların hazırlanma texnikasını, mənbəyini, qədimliyini və həqiqiliyini öyrənə bilirlər. Həmçinin rəssamların yağlı boya əsərlərinin altında gizlənən rəsmləri roentgen vasitəsilə aşkarlanır.
  • Hava limanlarında yüklərin yoxlanmasında, məhz, bu şüalar istifadə olunur.
  • Sənayedə metal hissələrdə çatların olub-olmaması roentgen şüaları ilə yoxlanır.

Roentgen-in x şüalarını kəşf etdiyi otaq / 1895-19004

Roentgen-in xatirəsinə Vürzburqdakı iş otağı olduğu kimi saxlanılır. Bu otaq ictimaiyyətə açıqdır.

Qeyd: Roentgen şüalarının kəşfinin 125 illiyi və alimin 175 yaşının tamam olması ilə əlaqədar Almaniya daxilində 2020-ci il boyunca müxtəlif tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur. Bunlardan bəziləri Pandemiya ilə əlaqədar təxirə salınsa da, bir qismi hələ də aktuallığını qoruyur. Tarixlərə linkdən baxa bilərsiniz.

https://www.roentgen2020.de/roentgen-2020/terminbersicht/index.html


II Dünya müharibəsi zamanı Vürzburqun bombardman edilməsi nəticəsində Universitetin arxivi də ciddi zərər görmüşdür. Roentgen-ə aid bu şəkillər də qismən xilas edilmişdir.

Yazar: Neon

Editor: Nitrogen

İstifadə olunan ədəbiyyat:

  1. Walden TL Jr. //The first radiation accident in America: a centennial account of the x-ray photograph made in 1890 // Radiology, 1991 Dec;181(3):635-9.

doi: 10.1148/radiology.181.3.1947073. PMID: 1947073

Mənbə  (Şəkil)

  1. https://artsandculture.google.com/exhibit/vwJymHPGTRkMJQ?hl=de
  2. https://de.m.wikipedia.org/wiki/Datei:R%C3%B6ntgenged%C3%A4chtnisst%C3%A4tte_in_W%C3%BCrzburg_05.JPG
  3. https://www.uni-wuerzburg.de/en/uniarchiv/personalities/gelehrte/wilhelm-conrad-roentgen/
  4. Copyright Deutches Röntgen-Museum
  5. https://longstreet.typepad.com/thesciencebookstore/2019/11/x_rays_1890.html
  6. SCIENCE HISTORY IMAGES, PHOTO RESEARCHERS / ALAMY https://www.spektrum.de/news/entdeckung-der-roentgenstrahlen/1715798

2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: