Narkotiklərə giriş 101 (hissə II)

[ Bu məqalə “psixoaktiv” maddələr barəsində yazılan məqalələr seriyasının ikinci hissəsidir. İlk məqaləni oxumaq üçün linkdən istifadə edin: https://goyqursagi.com/2020/05/21/narkotikl%c9%99r%c9%99-giris-d%c9%99rsi-101/. ]

Bir öncəki məqalə saytımızda dərc edildikdən sonra jurnalımızın İnstaqram səhifəsində “narkotiklər leqal olmalıdırmı?” sorğusu yerləşdirildi. Sorğunun nəticələri məni, əslində, çox təəcübləndirdi. Müəyyən oldu ki, izləyicilərin çoxu narkotiklərin “leqal” olmağını istəyir. Burada “leqal” və “qeyri-leqal” ifadələrinin hansı mənada işləndiyinin aydınlanması vacibdir. Qeyri-leqal maddə o maddəyə deyilir ki, ciddi tibbi göstəriş və icazə olmadan şəxsi və ya ictimai istifadəsi, alınıb-satılması, hazırlanması və ötürülməsi qanun tərəfindən qadağandır. Keçən məqaləmizdə “narkotik” sözün yalnız heroin, morfin, fentanil kimi opioid dərmanlarına aid olmasını təyin etdik. Aydın məsələdir ki, tibbi zəruriyyətsiz istifadə ediləndə heroin güclü psixoloji və fizioloji asılılıq yaradır. Məhz bu səbəbdən təəcüblüdür ki, İnstaqram səhifəsinin izləyiciləri “narkotiklərin” leqal olmasına razıdırlar. Bir də qeyd edək ki, marixuana, alkohol və kofein kimi maddələr elmi nöqteyi-nəzərdən “narkotik” sayılmır (və ya anaxronikdir*).

Psixotrop maddələr niyə asılılıq yaradır?

            İlk öncə, gəlin, etiraf edək ki, hər birimiz hər hansı bir əşyadan, insandan və yaxud hər hansı bir vərdişdən asılıyıq. Məsələn, çoxumuzun həyatı telefon və kompyuter istifadəsindən asılıdır (əşya). Bəziləri həyatını futbol oynamadan və yaxud bədii ədəbiyyat oxumadan təssəvür edə bilmir (vərdiş). Bir çoxumuz isə, həyatımızdakı çox qərarı sevdiyimiz insanlardan asılı edirik.  

Beyində xoşagəlmə və iyrənmə mexanizmlərindən məsuliyyətli
Nucleus Accumbens (NAc) və Ventral Tegmental Area (VTA) cığırının işləmə mexanizmi

Belə asılılıqlar nədən yaranır?

İnsanlar və digər inkişaf etmiş heyvanlar gündəlik həyatda minlərlə fərqli qərar verir. Təkamül boyunca hansı qərarların düz və yaxud səhv olmasını tənzimləmək üçün beyində buna uyğun müəyyən mexanizm yaranır. Təssəvür edin ki, ibtidai Azıx insanı yem axtarışında meşədə gəzişir. Bir kolun üstündə bitən giləmeyvəni görür. Həmin meyvədən heç vaxt görmədiyi üçün bir neçə saniyə onun nə olduğunu öyrənməyə çalışır. Sonra əlini atıb həmin meyvəni qapır və udur. Nəticədə iki müxtəlif hadisə və yaxud bu hadisələrin kəsişməsi baş verə bilər:

İlkin ehtimal odur ki, meyvə Azıx insanının xoşuna gəlir: şirin dadlı və ətirli giləmeyvə zövq verərək qarınını doyuzdurur. Bu halda Azıxantrop beyinin (bizim beyinimizdəki kimi) VTA adlı (Ventral Tegmental Area) bir hissəsində dofamin adlı maddə ifraz olunur (Şəkil 1).

Yeniliklə ifraz olunmuş dofamin beyinin NAc (Nucleus Accumbens) adlı bir zonasını aktiv edir. Aşkar olunub ki, məhz NAc zonasının aktiv olması insanın əhval-ruhiyəsini qaldırır. Maraqlıdır ki, depressiyalı şəxslərdə NAc aktivliyi və həcmi azalır. Beləliklə, Azıx insanı giləmeyvə yeyərkən beyinin VTA və NAc zonalarını aktiv edir. Həmçinin ortaya çıxan şəkil göstərir ki, bu zonalar beyinin hərəkət və qərar zonaları ilə sıx bağlıdır. Bu zonaların aktivliyi həm də qarşılıqlı olaraq bir-biriləri arasındaki əlaqəni gücləndirir. Nəticədə Azıx insanı həmin giləmeyvədən yenə tapdıqda onu tanıyır və vaxt itirmədən həzz almaq üçün onu yeməyə qərar verir ki. Bu qərarın arxasında duran əsas motivasiya VTA və NAc arasındaki dofamin səviyyəsini artırmaq qayəsidir (məmnuniyyət duyğusu yaşamaq üçün).

Alternativ bir ssenari də mümkündür: Ola bilər ki, qədim insan giləmeyvəni yeyərkən zəhərlənir və nəticədə həmin meyvədən iyrəncilik hissi keçirdir (meyvəyə qarşı soyuyur). Bu halda VTA və NAc arasındaki dofamin səviyyəsi aşağı düşür. Bu da Azıx insanının gələcəkdə həmin meyvənin dadına baxmağının ehtimalını azaldır. Siz özünüz böyük ehtimalla həyatınızda belə bir hiss keçirtmisiniz və  uşaqlıqda hansısa bir məhsuldan zəhərləndikdən sonra həmin məhsula ömür boyunca bir daha yaxın gələ bilməmisiniz.

Bu proseslər təkamül zamanı insanın təbiəti haqqında məlumatları qavramaq üçün vacibdir. Xüsusilə də, VTA-NAc mexanizmasının ortaya çıxardığı məmnuniyyət/soyuma mexanizmasının ölüm-dirim hallarında düzgün qərar vərməyin zəmanəti kimi yarandığı düşünülür. Xoşa gələn və həzz verən hər bir insan, əşya və ya hərəkət VTA-NAc dofamin səviyyəsini artırır. İyrənc, xoşagəməz hər bir şey isə, əksinə, dofamin səviyyəsini azaldır.

Narkotiklərə geri gəldikdə isə, onlar, məhz, VTA-NAc əlaqəsinə təsir edir. Müəyyən olunub ki, heroin, morfin. və s. bu kateqoriyadakı maddələr VTA-da ifraz olunan dofaminin miqdarını artırır. Məsələ ondadır ki, heroin beyindəki dofaminin səviyyəsini o qədər yüksək edir ki, dofaminin ifrazı üçün lazımlı maddələri tükəndirir və dofaminin miqdarını kompensasiya etmək üçün dofamin reseptorların sayını azaldır. Nəticədə narkotik asılığı olan şəxsin beyini (yenidən) heroin qəbul edilmədiyi təqdirdə kifayət qədər dofamin ifraz edə bilmir. Bu halda asılı olan insan zəhərli giləmeyvə yemiş Azıx insanı kimi daimi olaraq iyrəncilik hissi keçirdir və həyatdan zövq ala bilmir. Üstəlik, həmin şəxs xroniki stress keçirir və bu səbəbdən beynində dinorfin adlı maddə ifraz olunr. Dinorfin isə, VTA-NAc-dakı dofamin səviyyəsini daha da azaldır.

* Anaxronik: burada, köhnəlmiş, istifadədən çıxmış.

Yazar: Fransium

Editor: Nitrogen

Mənbələr:

  1. https://www.sciencedirect.com/science/article/pii/S1043661818314646?casa_token=q6CJy7bAq7gAAAAA:-mqTsrISMHTyQTJHyI2I4mL_8TTYAyVQwrdvz9YbWTvAKOSF26N11EgQWm4XysFubm9oEfmV0Js
  2. https://www.ingentaconnect.com/content/ben/cn/2006/00000004/00000004/art00002

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: