Ədəbi Tənqid 2: Xarici dünya və cəmiyyət yönümlü tənqid

Ədəbi Tənqid seriyamızın ilk yazısında ədəbiyyatdakı tənqid metodlarına ümumi olaraq baxmışdıq. Bu yazımızdan etibarən hər bir metodu daha dərindən öyrənəcəyik. Elə isə seriyamıza xarici dünya və cəmiyyət yönümlü tənqid metodu ilə davam edək.

Xarici dünya və cəmiyyət yönümlü tənqid realizm ədəbi cərəyanının tənqidə əks olunmasıdır. Türk dilində “yansıtma kuramı” olan bu cərəyan sənət əsərini bir güzgüyə oxşadır; insanı, həyatı, cəmiyyəti əks etdirən güzgüyə. Yəni realizm cərəyanı əsərin gerçək, real olduğunu vurğulayır və buna görə də əsər ilə xarici dünyanın əlaqəsinə diqqət yönəldir. Xarici dünya ilə əsər arasındakı ayrılmaz əlaqələri prioritetləşdirən tarixi, sosioloji və marksist cərəyanları ilə bir çox ortaqlıqlar var və bu cərəyanlar uyğun olaraq tarixi, sosioloji və marksist tənqid metodlarını formalaşdırıb.

Tarixi tənqid keçmişdə yazılmış bir əsəri başa düşmək üçün oxucunun o dövrün şərtlərini, dünya görüşünü, inanclarını, sənət anlayışını və adətlərini bilməli olduğunu müdafiə edən bir metoddur.  Əsəri tam qavramaq üçün əsərə yazıldığı dövrün oxucusu gözündən baxa bilməlidir. Bu metod bioqrafiyaya da böyük əhəmiyyət verir, lakin bundan sonrakı yazımızda öyrənəcəyimiz “müəllif yönümlü” tənqidlə məqsədi eyni deyil. Bioqrafiya sayəsində yazarı deyil, yazarın yaşadığı dövrü anlamağa çalışır. Eyni zamanda keçmişdə yazılan deyil, lakin keçmiş haqqında yazılan bir əsəri də bu metodla öyrənmək olar. Bu zaman həm əsərin bəhs etdiyi, həm də yazıldığı dövrü öyrənməliyik. Tarixi tənqid metodu bizə qədim zamanlarda yazılan əsərləri olduğu kimi anlamağa kömək edir, lakin bir sıra qüsurları var. Bunlardan biri bu metod tənqidçiləri əgər əsər öz dövründə məqsədinə çatıb və o dövrün oxucusunun gözləntilərini qarşılayıbsa, onda o əsəri uğurlu və yaxşı hesab edir. Lakin əsəri öz ənənəsi və qaydaları içində görməklə onu olduğu kimi görmək fərqlidir. Əsər sadəcə öz dövründə deyil, qarşısındakı dövrlərdə də yaradılan əsərlər arasındakı yerinə görə dəyərləndirilməlidir. Digər problem isə tarixi tənqidin ədəbiyyatdan uzaq düşərək əsərə deyil, onun haqqında məlumata önəm verməsidir. 

Sosioloji Tənqid ədəbiyyatın bir cəmiyyətdə meydana gəldiyinə və buna görə də bu cəmiyyətin ifadəsinə çevrildiyi fikrinə əsaslanır. Müəllifi, əsəri və oxucunu sosial şərtlər müəyyənləşdirdiyi üçün bir alim kimi fəaliyyət göstərmək və bu şərtlərə söykənərək sənət problemlərini həll etmək lazımdır. Sosioloji tənqidin başlanğıcı 18-ci əsrə aid olsa da bu metod ilk dəfə 19-cu əsrdə Hippolyte Teyn tərəfindən tam olaraq istifadə olunub. Tənqiddə əsərin səbəblərinə yönəlmiş metodun 19-cu əsrdə məşhurlaşması təsadüf deyil. Çünki 19-cu əsr elmdə böyük nailiyyətlərin qazanıldığı, elmə və elmi metodlara heyranlıq və hörmət yarandığı bir dövrdür. Tənqidçi tarixçilər deyirlər ki, 19-cu əsrdə inkişaf edən bu cür tənqid elmdəki uğurlardan ilham alaraq ədəbiyyat müzakirələrində sonsuz qarşıdurmalardan və subyektivizmdən qurtulmaqla əsaslı nəticələr əldə etmək ehtiyacından yaranıb. Amma sosiologiyaya əsaslanan ədəbi araşdırmaların çoxu ədəbi tənqid sayılmır, çünki məqsəd sənət əsərlərini başa düşmək və qiymətləndirmək deyil, onlardan istifadə edərək digər sahələrdə bilik əldə etməkdir. Məsələn, ədəbiyyatı sosial tarix araşdırması üçün istifadə etməkdir. Sosioloji tənqid əsasən təsvir edicidir; əsər barədə dəyərli bir şərhi yoxdur, vəziyyəti müəyyənləşdirməklə kifayətlənir. Ancaq bəzən normativ hala gələrək dəyər mühakimələri yaradır. Bunun ən yaxşı nümunəsi bir çox cəhətdən sosioloji tənqidlə birləşən və hətta bəzən ayırmaq çətin olan marksist tənqiddir.

Marksist Tənqid sosioloji tənqid kimi bir sənət əsərinin səbəblərini araşdırarkən bu səbəblərin birdən çox olduğunu iddia etmək əvəzinə iqtisadi şərtlərə və sosial sinif qarşıdurmasına əsaslanır. İncəsənət tarixi baxımından marksist tənqidin açıqlamaları maarifləndirici hesab edilir. Ancaq bu tənqid yalnız səbəbləri izah etməkdən ibarət deyil, təsvir edici olan sosioloji tənqiddən fərqlənən bir məqam da onun sənət əsərinin formalaşmasında rol oynayan sosial səbəbləri mühakimə etməsidir. Çünki sosial və iqtisadi səbəblərə görə izah və şərh etdiyini siyasi olaraq mühakimə edir. İctimai quruluş, sinif fərqləri, ziddiyyətli güclər marksist tənqidin meyarlarıdır. Tənqidçi əsəri müəyyən edən ictimai quruluşu (nizamı) bir marksist nöqteyi-nəzərdən mühakimə edir, ya onun tərəfindədir, ya da ona qarşıdır. Əsər müəllifi tənqidçi kimi bu nizama qarşıdırsa, gözləniləni ideoloji cəhətdən vermiş sayılır, əgər deyilsə, onda əsər qüsurlu və zərərlidir. Marksist tənqid hər şeydən əvvəl məzmun tənqididir. Bu metoda görə əsərin mövzusu fərdlərin, qəhrəmanların, istismarçı və hakim siniflərin maraqlarına kömək etməməli, məzlum təbəqənin maraqlarına zidd olmamalıdır. Heç bir əsər siyasi neytral ola bilməz və buna görə əsərin oxucuya və cəmiyyətə verdiyi siyasi təsir həmişə sual altındadır. Ancaq bunların estetik meyarlar olmadığı deyilir. Əsəri yalnız içindəki ictimai və siyasi fikirlərə görə qiymətləndirmək və bədii formaya dəyər verməmək bəzi marksist tənqidçilər tərəfindən qəbul edilmiş bir münasibətdir. Bu cür tənqidə etiraz edənlər əsərin marksist doktrinasına uyğun olub olmadığını deməyin kifayət olmadığını deyir, çünki bu sənət əsəridir və bir sənət əsərində görülən işin sənətə məxsus yolla edilib edilmədiyinə baxmaq lazımdır. Əsərin tezisi müsbətdirsə, bu tezisin sənətə məxsus bir şəkildə ifadə olunub olunmadığına baxmağın, əgər müəllifin dünyagörüşündə səhvlik varsa, estetik baxımdan əsəri necə zədələdiyini tapmağın daha uyğun bir tənqid yolu olduğu hesab edilir.

Xarici dünya və cəmiyyət yönümlü tarixi və sosioloji tənqidin təsvir edici olduğunu gördük. Bu tənqidlər ədəbi əsərin bədii dəyərini müəyyənləşdirmək iddiasında və marağında deyil,  onun səbəblərini, sosial şərtlərini və s. izah edir. Lakin marksist tənqid bu səbəbləri və müəllifin dünyagörüşünü, əsərinə daxil etdiyi dini, əxlaqı və siyasi doktrinanı qiymətləndirmədə meyar kimi qəbul edir. Əslində, insanın insanla əlaqəsi, həyatın mənası və insanın taleyi kimi problemlər ədəbiyyatda mühüm yer tutur, çünki əsərə olan münasibətimiz təkcə onun quruluşuna qarşı deyil, həm də əsərin dünyagörüşünə və məzmununa münasibətimizdir və buna görə bu meyarlar da qiymətləndirmədə nəzərə alınmalıdır. Lakin əsərin sənət tərəfini izah edə bilmədikləri üçün bu meyarlar tək başına əsas alınmamalıdır.

Mənbə:

Moran, B. (1999). Edebiyat kuramları ve eleştiri.  Istanbul: Iletişim Yayınları

Yazar: Lithium.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: