Rene François Ghislain Magritte (1898- 1967) iki hissəli ‘The Lovers’ əsərini 1928-ci ildə çəkmişdir. Biz isə, mövzumuza uyğun olan ‘The Lovers II’ haqda maraqlı detalları sizinlə bölüşəcəyik.

Əsər son dərəcə bəsit görünməsinə baxmayaraq bir o qədər də qarmaşıq və dərin mənalar çıxara biləcəyimiz gücə malikdir. Rəsmdə iki obraz – ehtiras və eşqi təmsil edən qırmızı tonlarında paltar geyinmiş qadın və ölümü təmsil edən qara rəngli kostyum geyinmiş kişi görürük. Arxa fonda sağda qırmızı divar və ağ tavanın birləşməsi detalından məkanın bir otaq olduğu düşünülür . Lakin göy rənglənmiş hissə izləyicidə divardan əlavə açıq hava və səma təəssüratı yaradır.
Əsərin ən sirrli hissəsi isə ön fonda öpüşən obrazlardır. Sevgililərin üzləri ağ örtük ilə örtülmüşdür. Rəssamın bizə çatdırmaq istədiyi məna haqqında bir neçə maraqlı versiya var:
Bəzi versiyalar ən səmimi münasibətlərdə belə şəxslərin hər zaman öz təbiətlərində gizləndiyini, hər zaman özlərinə xas heç vaxt üzə çıxarmayan gizlin tərəfləri olduğunu vurğulayır.
Buna tam zidd olan digər versiya isə əsərin həqiqi aşiqlərin bir-birini görmədən də hiss edə bildiyini, bütünləşə bildiyini, əsl eşqin çatışmazlıqların üstəsindən gəldiyini çatdırdığını iddia edir.
Klimtin romantik və aralarında heç bir maneə olmayan ‘The Kiss’ əsərindəki cütlüyünün əksinə (seriyamızın öncəki yazısını oxuya bilərsiniz- https://goyqursagi.com/2020/04/16/kiss-ilk-hiss%c9%99/) Magritte-in əsərində üzləri örtülü obrazlar bir-birlərinə olan sevgilərini tamamlayacaq öpüşmələrindən, toxunuşlardan aralarındakı örtük səbəbi ilə məhrum qalmaqdadır.
Magrittenin bir çox əsərində üzləri görsənməyən və ya nə iləsə örtülmüş obrazları təsvir etdiyini görə bilərik. Səbəb kimi Magrittenin 13 yaşı olanda anasının Sambre dərəsində intiharı faktı idi. Anasını dərədən çıxaranda gecəliyi üzünü məhz bu rəsmdəki kimi örtdüyünə şahid olmuşdur.
Məhz bu səbəbdən, bir çoxları tərəfindən rəsmdəki örtük bu hadisə ilə əlaqələndirilir. Lakin anasının ölümü ilə əlaqəli bu iddianı Magritte heç vaxt qəbul etməyib.
Əsərin orijinalı isə halhazırda New Yorkda Museum of Modern Art (MoMA)-da saxlanılır.
Yazar: Natrium